Finlandiya niyə dünyanın ən xoşbəxt ölkəsidir? - Araşdırma



 20:32 26.12.2022     1211

2021-ci ilin noyabrın 27-də planetimiz daha bir qeyri-adi atmosfer hadisəsinin şahidi oldu. Finlandiyanın Sotkamo şəhərinin sakinləri qürub çağı üfüqdə 3 Günəş gördülər.

Onlar qızılı halqa ilə bir-birinə bağlanmışdı. Əsl Günəş ortada, 2 yalançı günəş isə sağda, solda idi. Bu təbii görüntü Pargeliy, yəni, “yalançı günəşlər” adlanır. Soyuq qış günlərində atmosferdə buz kristallarında günəş işığının əksindən yaranan qeyri-adi hadisəni izləmək üçün hər il nə qədər turist şimala, xüsusilə, Finlandiyaya axışır. Amma onların 3 Günəşi görməyinə heç kim zəmanət vermir. Səfərdən əliboş dönənlər də olur, Finlandiyada maraqlı vaxt keçirənlər də...

Bəs, Finlandiya necə ölkədir? Coğrafi baxımından Finlandiya Skandinaviya yarımadası ilə Rusiyanın arasında yerləşir. Daim qonşuları Rusiya və İsveçin təsir dairəsinə məruz qalmasına baxmayaraq, finlərin dilləri və mədəniyyətləri çox fərqlidir. Yəni, milli kimliklərini qorumağı bacarıblar. Fin xalqına “skandinav” deyəndə, xoşlamırlar. Dillərinin kökəni türklər kimi Ural-Altay dil qrupuna aiddir. Fin dili bu dil qrupunun Qərb qolunu təşkil edir. Eyni dil qrupuna aid olmaları səbəbiylə, türklərlə finlərin qohumluqları neçə illərdir ki, mübahisə mövzusudur. Tarixçilərin çoxunun fikrincə, “türklərlə finlər uzaq qohum”dur. Amma bizim Qobustan abidələrini araşdırdıqdan sonra “vikinqlərin vətəni Azərbaycandır” deyən Norveç alimlərinin bu nəzəriyyəsi bizi finlərə bir köynək də yaxınlaşdırır. Qeyd edim ki, bu hipotez hələ SSRİ dövründə məhşur səyahətçi Tur Heyerdal tərəfindən irəli sürülüb. Tur Heyerdal bu fikrinə o qədər ciddiyyətlə yanaşırdı ki, dəfələrlə köklərinin izlərini axtarmaq üçün Qafqaza səfər edib. 2001-ci ildə bu əfsanəvi alim və səyyah Kiş məbədinin təmiri üçün xeyir-duasını verib və təmirin sponsorluğunu öz üzərinə götürüb.

Düzdür, Heyerdal norveçdi, amma onun bu nəzəriyyəsi finlərlə olan qohumluğumuzdan bəhs edən tarix səhifələrinə də işıq salır. Elə ona görə də, finlər və Finlandiya haqqında məlumatlı olsaq yaxşıdır. Finlər öz ölkələrinə “Suomi” deyirlər. Mənası “Bataqlıqlar ölkəsi” deməkdir. Amma ən maraqlısı, bataqlıqlar ölkəsinin bu gün “dünyanın ən xoşbəxt ölkəsi”nə necə çevilməsidir. “Bəyaz zanbaqlar ölkəsində” kitabı məhz bundan bəhs edir. Mustafa Kamal Atatürkün də sevərək oxuduğu kitablardan olan “Bəyaz zanbaqlar ölkəsində” “Vətən” anlayışının formalaşması və cəmiyyətin inkişafı üçün əsl “bələdçi kitabı” rolunu oynayır. Bu gün inkişaf, təhsil, yaşam kriteriyalarından bəhs edən hesabatlarda Finlandiyanın adı siyahının əvvəllərində olur. Təhsil ekspertlərinin fikrincə, Finlandiyanın təhsil sistemi gələcəyin təhsil standartına çevriləcək. Finlandiyada internetə çıxış hər bir vətəndaşın təməl hüquqlarındandır. “Qadın və uşaqlar üçün yaşanıla biləcək ən gözəl ölkə” sayılan Finlandiyada xoşbəxtlik dövlət nəzarətindədir. Hər il BMT “dünyanın ən yaxşı ölkəsi”ni seçir. Bu zaman həmin ölkənin bəşəriyyətə nə qədər faydalı olduğu əsas götürülür. Finlandiya həmişə bu siyahının birincilərindəndir. 2018-ci ildə isə müvafiq siyahının birincisi idi. Ölkədə avtomobillə bağlı cərimələr vətəndaşın gəlirlərinə görə hesablanır. Qanun-qaydanı pozan insanın keçən il nə qədər vergi ödədiyinə baxır, sonra pul cəriməsi yazırlar. 2018-ci ildə milyarder Anders Wiklof 50 km/saatlıq yolda 71 km/saat sürətlə hərəkət etdiyi üçün 63240 avro məbləğində cərimələnib. Cərimə rekordu isə “Nokia” telefon şirkətinin direktorlarından birinə aiddir. 2002-ci ildə motorsikleti ilə sürət həddini aşan direktorun illik gəliri 11,5 milyon avro idi. Ona görə də, ona 94 min avro cərimə kəsilib. Qeyd edim ki, gəlirə görə cərimələmək təkcə Finlandiyada deyil, bu cür ölkələrin sayı ilbəil artır. Finlərin türklərlə oxşar cəhətlərindən biri də hamam mədəniyyətidir. Sadəcə olaraq, finlər hamamı gigiyenik yöndən yox, mədəni yöndən həyatın mərkəzinə yerləşdiriblər. 5,5 milyon əhalisi olan ölkədə 2 milyondan çox sauna var. Böyük şirkətlərin və dövlət qurumlarının binalarında da mütləq sauna olmalıdır. Hətta, bəzi iş toplantıları saunalarda keçirilir. Perzident və baş nazirin saunasının olması rəsmi məsələdir. Qısası, ölkədə bütün əhalinin eyni anda keyfini çıxara biləcəyi sauna mövcuddur. Paytaxt Helsinkidə hər il 4 gün müddətində “Restoran günü” keçirilir. Ölkədə vergiyə nəzarət güclüdür. Qeydiyyatdan kənar iqtisadi fəaliyyətə icazə yoxdur. “Restoran günü”ndə isə, kim nə istəsə bişirib sata bilər. Və bu 4 gündə əldə olunan gəlir vergidən azaddır. Yeganə şərt, satılan məhsulların içində alkoqolun olmamasıdır. Ən maraqlısı isə odur ki, bu günlərdə küçədə yemək satanların əksəriyyəti qazandıqları pulu evlərinə aparmır, müxtəlif xeyriyyə cəmiyyətlərinə və yardım dərnəklərinə verirlər. “Dünyanın ən yaxşı pizzası” da Finlandiyadadır. Nə? Deyirsiniz ki, bəs İtaliya? Hə, razıyam, pizzanın ana vətəni İtaliyadır. Finlandiyanın ən yaxşı pizzaya sahib olması qəribə bir hadisədən qaynaqlanır.

Bahadur Seyidov / Demedia.az