Hansı yorğanda yatmaq daha faydalıdır? - Araşdırma



 21:33 26.12.2022     763

Soyuqlar düşdümü, hamı bir-birinə “necəsən?” sualından sonra deyir: “əsl xəngəl havasıdır”. Amma “əsl yorğan havasıdır” deyimi bu arzudan daha əvvəl səslənir.

Hava azacıq soyudumu, hamı yük yerindəki yorğanları götürür, üzləyir, hazırlayır və ailə üzvlərinin hərəsinə birini uzadır. Beləcə, yorğan mövsümü başlayır. İlin-günün bu vaxtı “ayağınızı yorğanınıza görə uzadın” demək üçün bu mövzunu açmamışam.

Psixoloqların bir araşdırmasını sizinlə paylaşmaq istədim. Beynəlxalq psixoloq qrupu uzunmüddətli müşahidələrdən sonra müəyyən edib ki, qalın və ağır yun yorğanlar insanın əhval-ruhiyyəsinə əhəmiyyətli dərəcədə təsir edir. Özü də müsbət yöndən... Belə ki, yun yorğanın altında yatmaq stressdən yaxa qurtarmağa kömək edir. Yuxusuzluğu aradan qaldırır, “anksiyeti” adlanan daxili narahatlığı azaldır, hətta, şizofreniya kimi sağalmaz xəstəliyin irəliləməsinin qarşısını alır. Mövzunu araşdıran elm adamlarının fikrincə, xüusilə, yuxuya getməzdən qabaq büküldüyün yorğanda rahat hiss edirsənsə, bu, əhval-ruhiyyəni yaxşılaşdırır. Necə ki, körpə ana qucağında, ananın qolları arasında sakitləşirsə, rahat yorğana bükülmək yetkin insana məhz bu duyğunu yaşadır. Məhz bu nöqtədə insanın uşaqlıqdan böyüdüyü şərtlərin müəyyənləşdirilməsi lazım olur. Ana sevgisiylə böyüyən insanlar yetkin yaşlarında yorğana bükülərkən beyində oksitosin ifrazı artır. “Sevgi hormonu” adlanan oksitosin hipofiz vəzinin hasil etdiyi, bir növ, neyromediatordur. Ayrı-ayrı zamanlarda və fərqli mərkəzlərdə aparılan araşdırmalar zamanı əldə olunan ümumi nəticə isə lap maraqlıdır. İnsan çəkisinin onda biri qədər ağırlığı olan yun yorğanda yatarkən, parasimpatik sinir sistemi hərəkətə keçir. Bu da beyində rahatlıq və güvənlik hissi yaradır. Beləcə, stress, qorxu və əsəb kimi hisslər azalır və insan rahatca yuxuya gedir. Yəni, 60 kq çəkiyə malik bir insanın 6 kq ağırlığındakı yorğanda yatması onun sinir sisteminin sağlamlığı üçün faydalıdır. Daha bir araşdırma isə yorğanın məhz hansı yundan hazırlanması ilə bağlıdır. Bu zaman da məlum olub ki, yorğan üçün dişi qoyunun yunu seçilsə, daha yaxşı olar. Çünki dişi qoyunun yunu qoç yununa nisbətən, daha çox radiasiya və siqnal udur. Məsələn; yatdığımız yorğan dişi qoyunun yunundadırsa, yataq otağımızdakı telefonun, televizorun, kompyuterin şüaları barədə bir qədər rahat ola bilərik. Yun bütün radiasiyanı və siqnalları udub, orqanizmimizə çatmağa qoymayacaq. İndi çoxları mağazalarda satılan hazır yataq dəstinə üstünlük verirlər. Qədimdən isə nənələrimiz, analarımız yay aylarında boş durmaz, yun yuyar, çırpar, didər, darayar, yorğan-döşək hazırlayardı. Demək, onlar bu əziyyəti boşuna çəkməzlərmiş... Qoyun yununun orqanizmdəki neqativ enerjini özünə çəkdiyi də elmi cəhətdən sübut olunub. Eyni zamanda, qoyun yunu istini nizamlayır. Adamı tərləməyə və ya üşüməyə qoymur. Hətta, revmatizmadan əziyyət çəkən insanlara da məhz qoyun yunundan olan yorğan-döşəkdə yatmaq məsləhət görülür. Səbəbi də sadədir: yun soyuğu özünə çəkir və özündə saxlayır. Mütəxəssislər yenilənən və müasir dünyaya uyğunlaşan vərdişlərə malik insanları da unutmayıblar. Onlar məsləhət görür ki, yun yorğanda yata bilməyənlər, ən azından, yun köynəklər, yun corablar geyinməli, yun papaqlar taxmalı və bellərinə yundan hazırlanmış qurşaq bağlamalıdırlar. Bir sözlə, orqanizm qış aylarında yunla təmasda olmalıdır ki, yaza sağ-salamat çıxa bilsin.

Bahadur Seyidov / Demedia.az