Azərbaycanda ən rəqabətli sahə - TƏHLİL



 16:04 27.12.2022     547

Son 10 ildə Azərbaycanda ən rəqabətli sahə taksi xidmətidir, məhz rəqabət nəticəsində son 10 ildə taksi xidmətinin qiyməti kəskin ucuzlaşıb, 2012-ci il ilə 2022-ci il taksi xidməti qiymətləri arasında 50-60% arası ucuzlaşma var – bəlkə də, yeganə sahədir ki, qiymətlər ucuzlaşıb.

Demedia.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, amma həmən müxtəlif məmurlar, biznes maraqları olan qruplar taksi xidmətini hədəfə gətirdilər, ictimai rəydə taksilərə qarşı neqativ fikir formalaşdırmağa başladılar:

"Hətta tıxacların səbəbini belə taksi xidmətinə yükləməyə çalışdılar – məqsəd də aydındır, bu sahədə rəqabətə son qoymaq, inhisarçılıq yaratmaq.

İndi də karqo şirkətlərinə girişiblər, "Azərbaycan Poçt Daşıyıcıları Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Şaiq Qəribzadə adlı şəxs müsahibə verib, bütün media bunu tirajlayır, məğzi də budur ki, bu xidmətdə lisenziya almaqla bağlı tələblər sərtləşdirilməlidir. Açıqlamasında bircə normal arqument də yoxdur, bütün hekayəni, güya, vətəndaşlara daha yaxşı xidmət göstərmək üzərinə inşa edib – amma elə məntiqsizlik də budur! Vətəndaş özü karqo şirkətini seçə bilirsə, hansı şirkət normal fəaliyyət göstərəcəksə, ondan da sifariş edəcək, dövlət bu işə niyə qarışsın axı?! Sadəcə dərdləri başqadır – son illər onlarla yeni karqo şirkətləri yaranıb, online sifarişlər artıb, əsasən məmurlara bağlı iri şəbəkə mağazaların alverləri azalıb, bu yolla, sərtləşdirici addımlarla karqo xidmətini inhisarlaşdırıb bahalaşdırmaq istəyirlər ki, sifarişlər azalsın, sərfəli olmasın, məmur biznesinə aid mağazaların alveri artsın – vəssalam, bu mənasız yanaşmanın başqa izahı ola bilməz!

Bizim toplum idarə etmək üçün ideal camaatdır, bəlkə də dünyada nadir xalqlardanıq ki, hökumətdən çox şey istəmirik, ən böyük istəyimiz odur ki, mane olmasınlar özümüz-özümüzü dolandıraq – ağıllı və ədalətli sistem üçün bundan yaxşı nə ola bilər ki, amma qədrini bilmirlər, hər işıq gələn yerə öz korrupsioner və inhisarçı barmaqlarını soxurlar...".

Xəyalə Məmmədova / Demedia.az