Son 8 ilin makroiqtisadi göstəricilərinin dinamikası... - İqtisadçı



 19:31 27.12.2022     542

Son 8 ilin makroiqtisadi göstəricilərinin dinamikasına görə ümumi daxili məhsul 2014-cü ildə 59 milyard manat idisə, 2021-ci ildə bu göstərici 93 milyard manata yüksəlmişdir. 2022-ci ildə isə ÜDM 105 milyard manat ətrafında gözlənilir.

Demedia.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirli deyib.

Onun sözlərinə görə, 2014-cü ildə əhalinin gəlirləri 39,5 milyard manat idisə, 2021-ci ildə bu göstərici 57,2 milyard manata, orta aylıq nominal əməkhaqqı isə bu dövr ərzində 444 manatdan 732 manata yüksəlib: 

"Dövlət büdcəsinin gəlirləri 2014-ci ildə 18,4 milyard manat olduğu halda 2023-cü il üçün 30 milyard 773 milyon manat proqnozlaşdırılır ki, bu da 67%-lik artım deməkdir.

İqtisadiyyata yönəldilən investisiyalar 21,8 milyard manatdan 25,3 milyard manata, əsas fondların dəyəri 110 milyard manatdan 247 milyard manata yüksəlib.

2014-cü ildə 105 manat olan minimum əmək haqqı 2022-ci ildə 300 manata çatıb.

Hesab edirəm ki, Qarabağ problemi olmasaydı, bu göstəricilər daha da yüksək olardı. Bu problem təkcə hərbə ayrılan vəsaitlərin həcmi artırmaqla əlavə xərclər yaratmayıb. Bu həm də ölkə üçün böyük imkanların qaçırılmasına səbəb olub. Qarabağ münaqişəsi üzündən 10 milyardlarla gəlir imkanlarından ölkə məhrum olub. Eyni zamanda Qarabağ münaqişəsi olmasaydı, xarici dövlətlərə iqtisadi münasibətlərin Azərbaycan gətirəcəyi maddi fayda daha yuxarı səviyyədə olardı. Çünki Azərbaycan xarici dövlətlərlə iqtisadi münasibətlər zamanı bəzi məsələlərdə iqtisadi mənfəətdən daha çox uzun müddətli hərbi-siyasi münasibətləri doğru olaraq daha strateji hesab edirdi. Bütün bunlar isə nəhayət öz bəhrəsini verdi.

Azərbaycan artıq həlli müşkül görünən böyük problemini həll etdi. Nadir şahdan sonra - 1747-ci ildən bəri itirilə-itirilə gedən torpaqlarımızda 300 ilə yaxın dövr ərzində ilk dəfə oldu ki, dönüş nöqtəsi yarandı".

Xəyalə Məmmədova / Demedia.az