8 kənd qaytarılacaq və... - 2023-cü il strategiyası

 15:02 28.12.2022     473

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2022-ci ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında çıxış edib. C. Bayramov çıxışı zamanı bir çox məsələlərə toxunub. Onun bu çıxışını ümumilikdə rəsmi Bakının 2023-cü il strategiyası kimi də qiymətləndirmək olar.

Demedia.az xəbər verir ki, bunu politoloq Turan Rzayev deyib.

Onun sözlərinə görə, Ceyhun Bayramov qeyd edib ki, Azərbaycan və Ermənistan arasında 30 ildir ki, sərhədlər müəyyənləşməyib:

"Çünki bu illər ərzində Azərbaycan torpaqları Ermənistanın işğalı altında olub.

“Ermənistanla delimitasiya prosesində 8 Azərbaycan kəndi qaytarılmalıdır. Bu kəndlərdə azərbaycanlılar yaşayıb və həmin kəndlərin qaytarılması həyata keçirilməlidir”- Bayramov deyib.

Aydın məsələdir ki, Bayramovun qeyd etdiyi 8 Azərbaycan kəndi, Qazaxın işğal altında olan 7 kəndi (Bağanis Ayrım, Xeyrimli, Barxudarlı, Sofulu, Yuxarı Əskipara, Qızıl Hacılı, Aşağı Əskipara) və Naxçıvanın işğal olunmuş Kərki kəndidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də dekabrın 23-də Fransa Respublikasının Prezidenti Emmanuel Makronla telefon danışığı zamanı Ermənistanın Azərbaycana məxsus 8 kəndi hələ də işğal altında saxladığını qeyd etmişdi.

Həm ölkə başçısının, həm də xarici işlər nazirinin bu məsələni dilə gətirməsi rəsmi Bakının işğal altında olan 8 kəndi unutmadığını və 2023-cü il üçün strateji hədəf olaraq qarşıya qoyulduğunu göstərir.

Vardanyanla təmas heç vaxt olmayacaq!

Ceyhun Bayramovun mətbuat konfransında toxunduğu məqamlardan biri də son zamanlar xüsusilə aktuallaşan, özünü separatçıların lideri olaraq görən erməni milyarder Ruben Vardanyanla bağlı oldu.

Bayramov açıq şəkildə bildirdi ki, Azərbaycanın Ruben Vardanyanla təmasları heç vaxt olmayacaq. Lakin bu o demək deyil ki, Bakı Xankəndi ilə təmaslardan imtina edib. Ümumiyyətlə belə təmaslar olmalıdır və Xankəndi erməniləri adından təmas qurulacaq şəxsi rəsmi Bakı özü müəyyənləşdirməlidir.

“Azərbaycanın Qarabağdakı etnik ermənilərlə təmasları ilə bağlı adlar çəkilərsə, o şəxslərə qarşı təzyiq arta bilər. Bu cür təmaslar olub”, - deyə nazir deyib.

Nazirin sözlərindən belə bir nəticəyə gəlmək olar ki, Bakı Xankəndi ilə təmaslar qurur, sadəcə təmasların qurulduğu şəxsi açıqlamır. İndiki mərhələdə bu düzgün addımdır.

2023-cü ildə bu məsələnin detallarının ortaya çıxacağı, hətta lazımi siyasi şərait formalaşacağı təqdirdə Bakı təmasların qurulduğu şəxsi də açıqlaya bilər.

2023-cü ildə yekun sülh müqaviləsi imzalancaq?

C.Bayramovun çıxışında diqqətçəkən məqamlardan biri də onun “Ermənistanla sülh müqaviləsi, delimitasiya və kommunikasiyaların açılması bir-birindən ayrı proseslərdir” sözləri oldu.

Prinsip etibarilə bu, doğrudur. Belə ki, sırası ilə ilk öncə iki ölkə arasında delimitasiya və demarkasiya prosesi həll edilməli, daha sonra yekun sülh müqaviləsi imzalanmalıdır. Yekunda isə kommunikasiyaların açılması prosesi getməlidir. Bütün hallarda iki ölkə arasında delimitasiya və demarkasiya prosesi həll edilmədən sülh müqaviləsindən danışmaq əbəsdir.

Ermənistan hazırda həm danışıqlar prosesini ləngidir, həm də 10 noyabr bəyanatının tələblərini icra etmir. Misal üçün, Ceyhun Bayramov deyir ki, “Moskvada danışıqların üçüncü raundu keçirilməli idi. Ermənistan bir gün əvvəl sülh müqaviləsi ilə bağlı öz təkliflərini açıqladı. Bir gün sonra Ermənistanın Baş naziri Nikol Paşinyan dedi ki, bu təkliflə sülh müqaviləsini imzalamaq olar. Bu, ictimaiyyətə mesaj vermək xətrinə verilən açıqlamadır”.

Halbuki rəsmi İrəvan 10 noyabr bəyanatına görə öhdəliklər götürüb. Yəni indiki məqamda Ermənistanın danışıqlar prosesini dəyişmək cəhdi və ya prosesi ləngitməsi ciddi nəticələr doğura bilər.

Digər tərəfdən, Bayramovun “Üçtərəfli Bəyanatda erməni silahlı birləşmələrin Qarabağdan çıxarılması qeyd olunub. Rusiyanın əsas mövqeyi ondan ibarətdir ki, bu, Ermənistanın öhdəliyidir. Rusiya arqument kimi Ermənistanın da üçtərəfli sənədə imza atmasını göstərir” sözləri də diqqət çəkir.

Görünən odur ki, Rusiya tərəfi Azərbaycanın bu istiqamətdə tələblərinin qarşısını “erməni silahlılarının çıxarılması Ermənistanın öhdəliyidir” deyərək almağa çalışır.

Aydın məsələdir ki, Rusiya bu silahlıların bölgədə qalmasında maraqlıdır. Çünki erməni silahlı birləşmələrinin regionda qalması Kremlin Bakıya qarşı təzyiq etməsinə imkan verir. Silahlı dəstələrin silah-sursatla təmin edilməsinə, döyüş postları qurmasına şərait yaradan da məhz sülhməramlılardır. 4-cü bəndin icrası öhdəliyini İrəvanın üzərinə qoyması isə məsuliyyətdən yayınmaq cəhdidir.

C.Bayramov bu məsələ ilə bağlı “Azərbaycan üçün bu, qəbuledilməzdir. Danışıqlar zamanı biz bu məsələləri davamlı şəkildə müzakirə edirik” dedi.

Yəni Azərbaycan bir müddət bu məsələnin həlli istiqamətində danışıqlar apara bilər, lakin danışıqların uzanması və nəticəsiz olması anti-terror əməliyyatının başlanmasına gətirib çıxara bilər.

Nəticə etibarilə, 2023-cü ildə kiçikmiqyaslı atışmalar və gözdağı xarakterli anti-terror əməliyyatının şahidi ola bilərik".

Xəyalə Məmmədova / Demedia.az