Stalin anasına söyən generalı necə öldürüb? - Araşdırma



 21:32 28.12.2022     615

İosif Stalin hakimiyyətdə olduğu 30 il ərzində ən çox yüksək ranqlı hərbçilərdən ehtiyat edib.

Hakimiyyətdə mövqelərini möhkəmləndirdikdən sonra o, həm müharibədən əvvəlki dövrdə, həm də müharibədən sonrakı illərdə marşal və generalları böyük ustalıqla “səhnə”dən uzaqlaşdırıb.

Buna birinci səbəb, xüsusilə SSRİ-nin qələbəsi ilə sona çatan müharibədən sonrakı dövrdə hərbçilərin qazandığı nüfuz, ikinci səbəb isə ölkədə hərbi çevrilişə cəhd qorxusu olub. Beləliklə, bu qorxuları dəf etmək üçün Stalin “repressiya üsulu”ndan səmərəli istifadə edib. Bu sırada güdaza gedən hərbçilərdən biri də general-polkovnik Vasili Qordov olub.

1947-ci ilin yanvarın 12-də SSRİ dövlət təhlükəsizliyi naziri Viktor Abakumov Stalinə məxfi qrifli məktub ünvanlayıb. Nazir məktubda Stalindən general Qordovun həbsi üçün razılıq istəyib. Məktuba səsyazısı da əlavə olunub. Həmin səs gizli qurğu vasitəsilə 1946-cı ilin dekabrın 28-də və dekabrın 31-də Qordovun mənzilində yazılıb. Dekabrın 28-də generalın mənzilində cəbhə dostları Yeni il münasibətilə məclis qurublar. Məclis zamanı general Vasili Qordov və general Filip Rıbalçenko arasında olan söhbət hər ikisinin həyatına son qoyub. Məhz onların arasındakı danışıqlar Stalinə təqdim edilib. Həmin səsyazısında aşağıdakı fikirlər də əks olunub: Qordov: "Gəlib bu dövrü də gördük, uzanıb ölmək olar. Hələ məhsul olmasa vəziyyət daha da gərgin olacaq". Rıbalçenko: "Məhsul haradan olmalıdır ki? Əkib becərməyəndə məhsul olmur". Qordov: "İndi hər şey rüşvətin və yaltaqlığın üzərində qurulub. Əvvəl bir nəfər ölkəyə rəhbərlik edirdi, indi onlarla nazir özünü padşah sayır". Rıbalçenko: "Adam ətrafına baxanda dəhşətə gəlir, hamı narazıdır, hamı çətinlik içərisindədir. Xarici ölkələrdə işsizlərə bizim ölkədəki generallardan daha yaxşı baxırlar. Əhali dilənçi vəziyyətində, yuxarılar isə istədikləri kimi yaşayır" . Qordov: "Mən bir şeyə təəccüblənirəm ki, Stalin bunları görmür". Rıbalçenko: "O, hər şeyi yaxşı görür və yaxşı bilir. Sadəcə Stalin də hakimiyyətdəki yolunu azıb". Qordov: "Azıb və çıxış yolu tapa bilmir". Rıbalçenko: "Ya bu ölkədən çıxıb getmək lazımdır, ya da Stalinə qarşı mübarizəyə qalxmaq gərəkdir". Qordov: "Sən Stalini yaxşı tanımırsan? Yoxsa ətrafındakı yaltaq cəlladlara bələd deyilsən?”.

Bahadur Seyidov / Demedia.az