Ürəyimiz necə işləyir?



 22:33 28.12.2022     1604

Anamızın qarnındaykən işə başlayan ilk orqan ürəyimizdir. Hamiləliyin 6-cı həftəsində ana bətnindəki körpənin ürəyi döyünür.

Digər orqanlar ürək və qan-damar sisteminin ətrafında şəkillənir. Həm görüntüsü, həm də işiylə ürəyimiz bədənimizin “dinamosu”dur. Qaçmaq və ya dırmanmaq kimi normadan artıq fiziki güc tələb edilən hallarda ürəyimiz daha qüvvətli və daha sürətli döyünür. Bəs, bu inanılmaz orqan necə işləyir? Əvvəlcə, ürəyimizin heyrətamiz xüsusiyyətləri ilə tanış olaq. Ürəyimiz, təqribən, 1 dəqiqədə 70, 1 gündə 104 min, ildə 38 milyon dəfə yığılıb-açılaraq içindəki qanı vücudumuza nasoslayır. Çəkisi isə 280-300 qram arasında dəyişir. Yəni, “hər kəsin ürəyi yumruğu boydadır” deyimində həqiqət payı var. Digər deyimlə, ürəyimiz orqanizmə lazım olan qida maddələrini və oksigeni daşıyan qanın “neft buruqları”dır. “Ürək soldadı” mifinin əksinə olaraq, ürəyimiz köksümüzün düz mərkəzində, sinə sümüyümüzün altında yerləşir. Millinin oyunundan əvvəl əllərini sinələrinin sol tərəfinə qoyub bizi salamlayan futbolçularımıza burdan deyək ki, ürəkləri əllərini qoyduqları yerdə deyil. Ürəyimiz 1 dəqiqədə, təxminən, 5 litr yarım qan nasoslayır. Bu da 1 gündə 8 ton, 1 ildə 3000 ton, 80 ildə isə 240 min ton deməkdir. Təsəvvür edirsinizmi? Ortalama bir ömrü 80 il düşünsək, deyə bilərik ki, 1 insan ürəyi bir ömürdə 1000 üzgüçülük hovuzunu dolduracaq qədər qan nasoslayır. Keçək, ürəyimizin xüsusiyyətlərinə. Ürəyin kənarını “ürək kisəsi” adlanan təbəqə örtür. Bu təbəqə ilə ürək arasında az miqdarda maye var ki, ürəyin rahat işləməsinə xidmət edir. Ürək qanı damarlar vasitəsilə orqanizmdən toplayır, oksigen üçün ağciyərlərə yollayır, sonra da oksigenlə zənginlənmiş qanı təkrar orqanizmin hər bir guşəsinə göndərir. Ürəyin işləmə mexanizmi sistemlidir. Bu mexanizmdə meydana gələn kiçik nasazlıq insanın həyatına son verə bilir. Ən önəmli mexanizmlər sağ və sol tərəfdəki nasoslardır. Ürəyimiz 4 kameralıdır. Qapıları bir istiqamətə açılır. Bu qapılar qanın 4 kameradakı axışını daim nəzarətdə saxlayır. Hər iki tərəfində də qulaqcıq və mədəciklər var. Qulaqcıqlar kiçik nasos, mədəciklər böyük nasos funksiyasını yerinə yetirir. Ürəyin sol tərəfi təmiz qanla məşğul olur. Təmiz qanın orqan və toxumalara çatdırılma vəzifəsi sol qulaqcıq və sol mədəciyin üzərinə düşür. Sağ tərəf isə kirli qanla məşğul olur. Sağ qulaqcıq və sağ mədəcik kirli qanı ağciyərlərə çatdırmağa məsuldur. Təmiz qan ürəyə çatanda, əvvəlcə, üst tərəfdəki kiçik nasosa, yəni, sol qulaqcığa dolur. Burdan alt tərəfdəki böyük nasosa-sol mədəciyə çatdırılır. Ürəkdəki hər qulaqcıq fərqli görünsə də, hamısının işi eynidir. Hər biri qanı müəyyən hədəfə çatdırmalıdır. Mexanizmin sistemli işləməsi bu ardıcıllıq üçün çox vacibdir. Hər şeyin sıra ilə yerinə yetirilməsi önəmlidir. Əgər nizam pozulsa, ürək orqanizmə lazımi qədər qan nasoslaya bilmir, ya da ürək özü qanla yüklənir. Ardıcıl işlərin lazımi vaxtda görülməsi üçün qulaqcıq və mədəciklər arasında qapaqlar var. Bu qapaqlar qan axını istiqamətində, tək tərəfə açılır. Qulaqcıqlar yığılanda bu qapaqlar açılır, qan böyük nasosa, yəni, mədəciyə dolur. Bu proses baş tutduqdan sonra qapılar qapanır ki, qan gəldiyi yerə geri dönməsin. Vena damarı oksigensiz qanı bədənin sağ tərəfinə gətirir, ağciyər damarları bu qanı ağciyərlərə çatdırır. Ağciyər venası oksigenli qanı ürəyin sol tərəfinə gətirir və aorta bu qanı orqanizmə göndərir. Qanın bu hərəkəti əsnasında ürək qapaqcıqları yığılaraq qanın kameralar arasından keçməsini təmin edir. Bu qapaqlar ürəyin mədəciklərində də var. Mədəciklər yığıldıqda bu qapaqlar açılır və qanın orqanizmə doğru axması təmin edilir. Nasoslama prosesi dayandığında qapaqlar bağlanır, nasoslanan qanın ürəyə geri dönməsi əngəllənir. Bizim “ürək döyüntüsü” dediyimiz səslər ürəyin yığılıb-açılması nəticəsində yaranmır. Ürək döyüntüsünü dinləyərkən, əslində, 4 qapaqcığın şiddətlə açılıb-bağlanmasını eşidirik. Ürək həssas mövzudur. Onu qorumaq üçün edə biləcəyimiz bəzi şeylərə də diqqət çəkmək istərdim. Ürək xəstəlikləri bütün dünyada ən öndə gələn ölüm səbəblərindəndir. Dünyada hər il 17 milyon insan ürək xəstəliyindən ölür. Ölkəmizdə isə 1 il ərzində baş verən 100 ölümün 45-nin ürək-damar xəstəliklərindən qaynaqlandığı deyilir. Genetik olaraq, orqanizminizdə hər hansı bir problem yoxdursa idman etməyi, yaxşı qidalanmağı və ürəyinizə, dolayısı ilə, özünüzə yaxşı baxmağı unutmayın. Bəs, ürək şəkli necə meydana çıxıb? Bu şəkil ilk dəfə Antik Yunanıstanda görünüb. Bizim eradan əvvəl 6-cı əsrdə pulların üstünə çəkilib. Egey dənizi hövzəsində bitən “Silphium” adlı bitkinin meyvələri bu formada idi. O dövrdə bu bitki pul əvəzinə istifadə edilirdi. Kişilər onun afrodizyak mənbəyi olduğuna inanır, qadınlar hamilə qalmamaq üçün ondan mədəd umurdular. “Silphium”un meyvələri beləcə, populyarlaşır və bir gün ürəyin simvoluna çevrilir.

Bahadur Seyidov / Demedia.az