Azərbaycan-Ermənistan gündəliyi: 3 mərkəzdən kənar alternativ...

 18:00 29.12.2022     352

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi üç mərkəzin moderatorluğu ilə keçirilir: Rusiya, Avropa İttifaqı və ABŞ. Fransa Avropa İttifaqından kənar maraqlarla çıxış etdiyindən və Ermənistana hədsiz sevgi göstərdiyindən Azərbaycan onun vasitəçilik təşəbbüslərinin qarşısında sual işarələri qoyub.

Demedia.az xəbər verir ki, bunu politoloq Aqşin Kərimov deyib.

O bildirib ki, İran da ara-sıra bitərəf əbaya bürünərək guya vasitəçi ola biləcəyindən dəm vurur, amma Tehran özünü tez-tez ifşa edir və mələk donunda şeytan olduğunu göstərir:

"Bakı İrəvan qarşısındakı şərtlər və təkliflər fonunda Rusiya və Avropa İttifaqının təşəbbüsü ilə aparılan danışıqlardan nəticələr qoparmağı bacarıb, lakin Ermənistan hələ də bəzi istiqamətlər üzrə əldə edilən razılaşmaların icrasından yayınır.

Qarşıdan gələn 2023-cü ildə hadisələrin hansı məcraya axacağı Ermənistanın mövqeyindən asılı olacaq, İrəvan sülhyaratma prosesini vaxt qazanmaq üçün mürəkkəbləşdirməyə çalışsa və bunun paralelində hərbi təxribatlara imza atsa, Azərbaycanın cavabı da hərbi cəhətlərlə zəngin ola bilər.

Yox, əgər Ermənistan sülh gündəmini çək-çevir etməkdən əl çəkib Bakının məntiqinə cavab verən konstruktiv duruşa keçsə, onda danışıqlar yolu ilə mübahisələr sonladırıla bilər.

Hərçənd ki, bu versiya o qədər də inandırıcı görünmür, təkcə ona görə yox ki, Ermənistan hakimiyyəti sülh gündəmindən qaçır, həm də ona görə ki, erməni cəmiyyətində, ictimai-siyasi dairələrdə revanşizm elementləri ilə meydana çıxanlar tapılır.

Azərbaycan təhlükəli tendensiyaları nəzərə alır, buna görə də yəqin ki, Bakı öz şərtləri altında ərsəyə gələn hərb vasitəsilə sülh modelini inkişaf etdirəcək.

Azərbaycan-Ermənistan münasibətlərinə nisbətdə hərblə sülhün bir-birini tamamlayan təcrübəsi olduğundan Bakı danışıqlarda hərb amilini diqqətdə saxlayacaq.

Əldə tutulan bu arqument təzyiqedici faktorlar sırasında önəmli yerdədir, Bakının danışıqlarda qarşı tərəfə diktə etmək bacarıqlarını sürətləndirir.

Azərbaycan, bəlkə də, çox istəyir ki, danışıqlar ikitərəfli formatda olsun və hansısa güc burada vasitəçi olmasın, bu Bakının diktələrini qəbuletdirmə dərəcəsini artıra bilər.

Ancaq reallıqlar nəzəriyyədən fərqlidir, Cənubi Qafqazda maraqları kəsişən güclər buna imkan vermirlər, üstəgəl İrəvanın daim bir himayəçi axtarmaq vərdişləri də ikitərəfli formatın gerçəkləşməsini əngəlləyir.

Belə olan təqdirdə, Azərbaycan reallıqları nəzərə alaraq uyğun vasitəçilərin sülh prosesinə töhfə verməsindən narahat deyil, hətta mümkündür ki, Bakı üç mərkəzdən kənar formata da üstünlük versin.

Mümkün alternativ neytral vasitəçi tapmaq çətindir, hərçənd ki, Gürcüstan amili üzərində dayanmaq nisbətən məqbul sayıla bilər. Bununla belə, Gürcüstanda hökumətin Rusiyanın buludu altında olması, prezidentlik institutunun isə Qərbə meyillənməsi Azərbaycan-Ermənistan normallaşdırma prosesinə həlledici töhfə verə bilməz.

Yəni Rusiya da, Qərb də Gürcüstan vasitəsilə baş tutan danışıqların nəticələrini nə dərəcədə həzmə verə bilərlər – düşünürük ki, məsələ burada bir qədər qəlizləşir.

İkinci neytral vasitəçi Almaniya ola bilər, lakin Berlin özü bundan qaçır, ona görə ki, oradakı müəyyən institutlar Azərbaycan və Türkiyə əleyhinə fəaliyyət göstərirlər və dövlətin sinir uclarına qədər nüfuz edə bilirlər.

Üçüncü neytral vasitəçini Skandinaviyada axtarmaq olar, bu ya İsveç, ya da Norveç ola bilər, lakin Rusiya-Ukrayna münaqişəsi kontekstində Rusiya onların əl-qol açmasına imkan verməz.

Dördüncü, mümkündür ki, Böyük Britaniya da hansısa formatda öz əlini danışıqlar prosesinə sala bilər və Azərbaycan üçün də, Ermənistan üçün də London mərkəzli format danışıqlar aparmaq üçün cazibəli görünüş status qazanmaq imkanına malikdir.

Göründüyü kimi, neytrallıq anlayışı Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsinə nisbətdə nisbi xarakter daşıyır.

Ona görə də 2023-cü ildə danışıqlar masası yenə də ən çox Moskva, Brüssel və Vaşinqton formatının düsturlarına əsasən qurulmaqda davam edə bilər.

Ən azından, reallıqlar kontekstində bu üç mərkəz nisbi neytral mövqedə dayanan bir görüntüyə sahibdir".

Xəyalə Məmmədova / Demedia.az