"Rəqib bir xala layiq idi" - Qurban Qurbanov
"Rəqib bir xala layiq idi. Onları təbrik edirəm. Tərlan Əhmədova uğurlar arzulayıram".
Demedia.az-ın məlumatına görə, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Kəpəz"lə 1:1 hesablı heç-heçə etdikləri Premyer Liqanın XXI tur matçından sonra mətbuat konfransında deyib.
51 yaşlı mütəxəssis qarşılaşmanın asan olmadığını bildirib: "Gəncədəki oyunlar həmişə gərgin şəraitdə keçib. Təəssüflər olsun ki, oyunumuzu yaxşılaşdıra bilmirik. Görüşün sürətini, dinamikasını normallaşdırmaq üçün şərait də yaxşı olmalıdır. Qış fasiləsindən sonra ilk matçımızı saat 14:00-da süni örtüklü stadionda keçirmişik. Ondan sonra saat 16:00-da, bu gün isə yenidən 14:00-da oynadıq. Belə şəraitdə futbolçulardan tam istədiyimiz performansı gözləyə bilmərəm".
Təcrübəli baş məşqçi ağır qrafiklə üz-üzə gələcəklərini xatırladıb: "İlk dəfə belə halla rastlaşmırıq. Çatışmazlıqlar var. Qarşıdakı günlərdə matçlara daha yaxşı hazırlaşmağa çalışacağıq. Başqa çıxış yolumuz yoxdur. Əlimizdə olan futbolçuların bərpasını tezləşdirməliyik. Oyundan-oyuna komandanı qarşılaşmalara daha yaxşı kökləmək istəyirik".