"Qarabağ" bu gün Belçika klubu ilə qarşılaşacaq
"Qarabağ" bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirəcək.
Demedia.az-ın məlumatına görə, "köhlən atlar" Bakıda Belçika "Gent"ini qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 21:45-da başlayacaq. Matçın baş hakimi İsveç Futbol Federasiyasından Məhəmməd Al-Hakim olacaq.
Ağdam təmsilçisi matça ciddi itkilərlə çıxacaq. Qış fasiləsində Kadi Borges və Kvabena Ovusunu satan Azərbaycan çempionunda qapıçı Şahruddin Məhəmmədəliyev və müdafiəçi Abbas Hüseynov zədə, digər arxa xətt oyunçusu Kevin Medina isə cəza səbəbindən bugünkü qarşılaşmanı buraxacaqlar. Qonaqlardan isə polşalı müdafiəçi Kamil Pyontkovski ilə serbiyalı hücumçu Darko Lemayiç "Qarabağ"a qarşı oynamayacaq.
Bu oyun Azərbaycan və Belçika təmsilçilərinin avrokuboklarda 11-ci dueli olacaq. İndiyədək baş tutan 10 matçın 4-də Azərbaycan komandaları qələbə qazanıblarsa, 5 dəfə rəqiblər buna nail olublar. Bir qarşılaşma isə heç-heçə yekunlaşıb. Topların nisbətində belçikalıların aşkar üstünlüyü var - 18:9.
"Qarabağ" tarixində ikinci dəfə Konfrans Liqasının pley-off mərhələsində qüvvəsini sınayacaq. Ağdamlılar ötən mövsüm turnirin bu raundunda Fransa "Marsel"inə uduzaraq (1:3, 0:3) avrokuboklarla vidalaşıb.
UEFA Konfrans Liqası
Pley-off mərhələsi, ilk oyun
16 fevral
21:45. "Qarabağ" (Azərbaycan) - "Gent" (Belçika)
Hakimlər: Məhəmməd Al-Hakim, Fredrik Klayver, Maks Robin Uayld, Boyan Panciç (İsveç)
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu
Qeyd edək ki, komandalar arasında cavab oyunu fevralın 23-də Gent şəhərində keçiriləcək.