"Qarabağ" "Gent"i məğlub etdi - VİDEO



 23:58 16.02.2023     413

"Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirib. 

Demedia.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda Bakıda Belçikanın "Gent" klubu ilə üz-üzə gəlib. 

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmanı Məhəmməd Al-Hakimin  rəhbərlik etdiyi İsveçdən olan hakimlər briqadası idarə edib. Matç Türkiyə və Suriyada baş vermiş zəlzələdə dünyasını dəyişənlərin xatirəsinə görə bir dəqiqəlik sükutla başlayıb. 

Görüşün ilk dəqiqələri kəşfiyyat xarakteri daşıyıb. 8-ci dəqiqədə rəqib hesabı açmağa yaxın olsa da, istəyinə nail ola bilməyib. 24-cü dəqiqədə "Gent"in növbəti hücumu da təhlükəli alınıb.  Azərbaycan çempionu ilk yarım saatda çərçivəyə düşməkdə çətinlik çəkib. 32-ci dəqiqədə Elvin Cəfərquliyevin zərbəsindən sonra top toru yandan silkələyib. İlk hissə qolsuz bərabərliklə yekunlaşıb. 

İkinci yarıya "köhlən atlar" daha fəal başlayan tərəf olub. 47-ci dəqiqədə Ramil Şeydayevin fərqlənməsinə rəqib qapıçı imkan verməyib. Ardınca referi VAR-a baxdıqdan sonra qonaqların qapısına penalti təyin edib. Ramil Şeydayev 51-ci dəqiqədə 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib. 10 dəqiqə sonra "Qarabağ"ın hücumu növbəti dəfə təhlükəli alınıb. Ağdam təmsilçisi sonlara yaxın "Gent"i öz cərimə meydançasında sıxmağa başlayıb. Bunun məntiqli nəticəsi kimi 78-ci dəqiqədə Leandro Andrade topu rəqib qapısından keçirib. 89-cu dəqiqə Redon Cicanın zərbəsindən sonra top dirəyə dəyib. 

Beləliklə, matç Azərbaycan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. 

Cavab görüşü fevralın 23-də Belçikada baş tutacaq.