Holann yubiley qolunu vurdu
İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Erlinq Holann karyerasında 200-cü qolunu vurub.
Demedia.az-ın məlumatına görə, norveçli hücumçuya bunun üçün 244 oyun kifayət edib.
Premyer Liqanın XXX turunda “Sauthempton”la (4:1) qarşılaşmada dubla imza atan Holann cari mövsüm ölkə çempionatında qol sayını 30-a çatdırıb. 27 matçda buna nail olan 23 yaşlı forvard bu mövsüm daha 5 qol vuracağı təqdirdə mütləq rekordçu olacaq.
İngiltərə Premyer Liqasında bir mövsümdə ən çox qol vurma rekordu Endi Koul və Alan Şirerə məxsusdur. Koul 1993/1994, Şirer isə 1994/1995 mövsümündə rəqib qapılarına 34 top vurub. “Liverpul”un hücumçusu Məhəmməd Salah isə 2017/2018 mövsümündə 32 dəfə fərqlənib.
Qeyd edək ki, Erlinq Holann bu mövsüm bütün turnirlərdə 38 oyuna çıxıb, 44 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.