"Milliyə verilən mükafatlar xeyli azaldılıb" - AFFA-nın baş katibi



 15:24 10.04.2023     305

"Təəssüflər olsun ki, buraxılan ilk qollardan sonra komandamız psixoloji cəhətdən özünü toparlaya bilmədi".

Demedia.az Qol.az-a istinadən xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Sərxan Hacıyev ATV telekanalına müsahibəsində deyib. O, Azərbaycan millisinin Avro-2024-ün seçmə mərhələsində Avstriya (1:4) və İsveçə (0:5)  məğlubiyyəti barədə danışarkən məşqçilər korpusunun bu uğursuzluqlara görə hesabat təqdim edəcəyini bildirib:

"Komanda özünü toparlaya bilmədi deyə nəticədə böyükhesablı məğlubiyyətlə üzləşdik. Əlbəttə, bu nəticələr hər birimizi məyus edir. Məşqçi heyəti tərəfindən AFFA rəhbərliyinə müəyyən hesabat da veriləcək".

S.Hacıyev millimizin baş məşqçisi Canni de Byazinin həmin görüşlərdən sona yığmanın oyununu əla qiymətləndirməsinə də münasibət bildirib: "İnanmıram ki, dünyada hansısa bir məşqçi komandası 1:4, 0:5 uduzduqdan sonra oyunu "əla" kimi qiymətləndirsin. Əlbəttə ki, həmin məsələdə kontekstdən çıxarılmış bir məqam var idi. Canni de Byazi "Komanda ilk qola kimi yaxşı oynadı" - deyə fikirlərini ifadə edib". 

S.Hacıyev qeyd edib ki, italiyalı mütəxəssislə müqavilə uzadılan zaman onun qarşısına konkret hədəf qoyulmayıb: "Həmin vaxt komandamız ardıcıl 3 qələbə qazanmışdı. Əsas məqsəd komandanın belə bir tendesiyanı davam etdirməsi idi".

Hacıyev komandaya futbolçuların dəvət olunması mövzusunda baş məşqçinin qərarlarına müdaxilə etmədiklərini bildirib: "Yanaşmamız belədir ki, onun qərarlarına heç bir müdaxilə etməyək. De Byazi baş məşqçi kimi komandanı tam olaraq formalaşdırır, bunun üçün məsuliyyət daşıyır".

S.Hacıyev "Millidə əcnəbi məşqçi işləməlidir, yoxsa yerli" sualına belə cavab verib: "Yerli məşqçilərin arasında da bir sıra mütəxəssislər var ki, rahat şəkildə milliyə baş məşqçilik edə bilərlər. Bu, subyektiv fikrimdir".

Ötən ildən başlayaraq AFFA millinin üzvlərinə verilən mükafatları xeyli azaldıb. Artıq qələbə və ya heç-heçəyə görə fantastik mükafatlar olmayacaq. S.Hacıyev bu haqda deyib: "5-6 oyun bundan əvvəl belə bir məsələ gündəmə gəlib. Nəticələrə görə verilən mükafatlar xeyli azaldılıb. Hazırda bunu sırf yeni maliyyə strategiyası ilə əlaqələndirə bilərik".

AFFA rəsmisi hazırda Canni de Byazinin istefaya göndərilməsinin gündəmdə olmadığını söyləyib: "Aprel ayının ortalarında AFFA İcraiyyə Komitəsinin iclasının keçirilməsi gözlənilir. Müzakirə olunacaq məsələlərdən biri də məhz yığmanın nəticələridir. Baş məşqçinin də hesabatı dinləniləcək".

Hacıyev sonda İsveç və Avstriyada millimizə dəstək olan azarkeşlərə təşəkkür edib: "Onlardan komandanın yanında olmaqlarını xahiş etmək istərdim. Millimizə dəstək olmağa davam etsinlər".