“Real Madrid” - “Çelsi” oyununda bir sıra rekordlar qeydə alındı
UEFA Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsində İspaniya klubu “Real Madrid”lə İngiltərə təmsilçisi “Çelsi” arasında keçirilən ilk oyunda bir sıra rekordlar qeydə alınıb.
Demedia.az xəbər verir ki, madridlilərin baş məşqçi Karlo Ançelotti 2:0 hesablı qələbə qazandıqları matçda komandanın sükanı arxasında turnirdə ən çox qalibiyyət əldə edən mütəxəssis olub.
“Real”la 35-ci qələbə sevincini yaşayan italiyalı məşqçi Visente Del Boskeyə məxsus rekordu yeniləyib. Del Boske 60 görüşdə 34 qalibiyyət əldə etmişdisə, Ançelottiyə 35-ci qələbəyə çatmaq üçün 47 matç bəs edib.
İspaniya təmsilçisinin futbolçusu Vinisyus Junior da ÇL rekordu qırıb. O, rəqibin cərimə meydançası daxilində topla oynama sayında hamını üstələyib. Braziliyalı hücumçu “Çelsi”nin qapısı qarşısında 19 dəfə topa toxunmağı bacarıb. Maraqlıdır ki, “Çelsi”nin oyunçuları rəqibin qapıçı meydançasında ümumilikdə 10 dəfə topla oynayıblar.
Londonluları iki dəfə mərkəzə dəvət edən “kral klubu” Çempionlar Liqasının pley-off mərhələlərində ardıcıl 31-ci ev oyununda qol vurub. Komanda sonuncu dəfə 2011-ci ildə “Santyaqo Bernabeu”da əzəli rəqibi “Barselona”nın qapısına bu raundlarda yol tapa bilməyib.
Madriddəki matçın 71-ci dəqiqəsində meydana daxil olan Marko Asensio cəmi 3 dəqiqə sonra komandasının ikinci qolunun müəllifi olub. Asensio əvəzetmədən oyuna qoşulduqdan sonra vurduğu qol sayını 9-a çatdırıb və bu baxımdan ÇL-də yeni rekord müəyyənləşdirib.
“Real”ın heyətində qitənin ən nüfuzlu klub turnirində 130-cu görüşünü keçirən Kərim Benzema komandanın əfsanəvi hücumçusu Raul Qonzalesə çatıb. Fransalı forvard hazırda ispaniyalı ilə birlikdə 2-ci yeri bölüşür. “Real”ın heyətində ÇL-də ən çox oyun keçirən futbolçu İker Kasilyasdır (150).
Qarşılaşmanın 21-ci dəqiqəsində hesabı açan Benzema 2023-cü ildə bütün turnirlərdəki qol sayını 18-ə çatdırıb. O, bu göstəricidə İngiltərə təmsilçisi “Mançester Siti”nin hücumçusu Erlinq Holannla liderliyi bölüşür.
Bundan başqa, Benzema Çempionlar Liqasındakı 149 oyunda 90 dəfə fərqlənib. Fransalı qrup mərhələsində 56, 1/8 finalda 17, 1/4 finalda 8, yarımfinalda 8 və finalda 1 qol vurub. O, hazırda Robert Levandovskidən cəmi 1 qol geri qalır. Polşalı 111 görüşdə 91 dəfə fərqlənib. ÇL-in ən məhsuldar futbolçusu isə 140 qolla (183 oyun) Kriştianu Ronaldudur. İkinci yerdə qərarlaşan Lionel Messinin aktivində 163 görüşdə 129 qol var.
“Çelsi”nin isə 2022/2023 mövsümündə qələbəsindən çox məğlubiyyəti var. “Zadəganlar” cari mövsüm 16-cı dəfə meydanı başıaşağı tərk ediblər. Londonlular digər 25 qarşılaşmanın 15-də qələbə qazanıb, 10-da heç-heçə ediblər. Premyer Liqa təmsilçisi ümumilikdə 41 qol vurub, 44-nü buraxıb.
Digər maraqlı fakt “Çelsi”nin bütün turnirlərdə ardıcıl dördüncü oyununda çərçivəyə zərbə vura bilməməsidir. Sonuncu dəfə belə hal 1993-cü ilin dekabrında yaşanıb.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu aprelin 18-də keçiriləcək.