"İmişili" futbol komandası qayıtdı - "Pələnglər"in 6 illik həsrəti başa çatır
Futbol üzrə Azərbaycan 1-ci divizionunda mübarizə aparan İmişli rayonunun eyni adlı komandası 6 ildən sonra doğma arenaya qayıdır.
EL.TV-nin verdiyi məlumata görə, mövsüm başlayandan ev oyunlarını Saatlı Olimpiya Kompleksinin stadionunda keçirən “İmişli” növbəti matçına doğma azarkeşlər önündə çıxacaq. “Qarabağ-2” klubunu qonaq edəcək komanda üzvləri bu oyuna çox ciddi hazırlaşırlar. Komandanın baş məşqçisi Ruhid Usubov əsas məqsədlərinin bu görüşdə 3 xal qazanmaq olduğunu deyir. “İmişli” klubunun futbolçuları da qələbə əzmindədirlər. Onlar yerli azarkeşləri sevindirmək niyyətindədirlər.
Ötən həftə Peşəkar Futbol Liqasının əməkdaşları İmişli şəhər stadionuna baxış keçirib. Aparılan təmir və yenidənqurma işlərindən sonra stadion 1-ci divizion oyunlarını qəbul etmək üçün məqbul hesab olunub. Buna görə də “İmişli” komandası çempionatın görüşlərini mövsümün sonunadək məhz bu arenada keçirə biləcək.
Ayşən
demedia.az