İspaniya nəşri Azərbaycan futbolundan yazdı



 13:25 23.04.2023     324

İspaniyanın "elmundofinanciero" saytı Azərbaycan futbolu haqda araşdırma məqalə yayımlayıb.

Demedia.az Qol.az-a istinadən xəbər verir ki, pireneyli həmkarlarımız xüsusilə bu mövsümə yer ayırıb.

Yazıda komandaların durumu, bu mövsüm Premyer Liqadan klublardan hansınınsa düşmə ehtimalı, AFFA-dakı, daha dəqiqi PFL-dəki dəyişikliklər, atılan addımlardan bəhs edilir.

Peşəkar Futbol Liqasının yeni prezidenti Elxan Səmədovun UEFA-nın məşqçilər üzrə “B” lisenziyasına sahib olması, AFFA-da Uşaq Futbolunun İnkişaf Şöbəsinin direktoru kimi çalışması, 2021-ci ildən AFFA-da VAR şöbəsinin rəhbəri olması, eləcə də İtaliya və Amerikada təhsil alması da vurğulanıb. İspanlar xüsusilə diqqəti VAR sisteminin tətbiqinin Avropanın bir çox ölkələrindən fərqli olaraq qısa müddət çəkməsinə yönəldiblər. 

Premyer Liqaya sponsor tapılması, bu müqavilənin digər şirkətlərin də diqqətini çəkməsi, yeni sponsorlarla anlaşmalar qeyd olunub. İlk dəfə olaraq internet üzərindən yayım hüququnun satışı, Azərbaycan mətbuatında Peşəkar Futbol Liqasının yeni saytının TOP-5 çempionatlarının internet ünvanı səviyyəsində olacağı ilə bağlı məlumatların yayılması həmkarımızın xoş təəccübünə səbəb olub.    

Məqalədə əvvəlki mövsümlərdə vaxtından xeyli əvvəl rahat şəkildə çempion olan “Qarabağ”ın bu dəfə çətinlik çəkməsi, bunun xüsusilə Murad Musayevin gəlişindən sonra “Sabah”ın güclənməsinin sayəsində yaşanması vurğulanıb.   

Bununla yanaşı, Premyer Liqa barədə məlumat toplayan həmkarımız “Kəpəz” və “Turan Tovuz”un qayıdışının Azərbaycan futboluna əhəmiyyətini qeyd edib. Ölkə kubokunda rəqabətə də yer ayıran ispanlar bu mövsümün daha gərgin keçdiyini bildirib və Premyer Liqada çempionluğa oynayan “Qarabağ” və “Sabah”ın bu turnirdə artıq mübarizədən qopmasını nümunə göstəriblər. 

Birinci divizion haqda da qeydlər var. Bildirilib ki, Peşəkar Futbol Liqasının təqdimatı və AFFA icraiyyə komitəsinin qərarı əsasında gələn mövsümdən Premyer Liqa iştirakçılarının ikinci komandalarının 1-ci divizionda oynaması nəticəsində yaranan qarışıqlıq aradan qaldırılacaq, yəni divizion komandaları və əvəzedicilər ayrı liqalarda yarışacaqlar. 

Premyer Liqa komandalarına dövlət tərəfindən 3 milyon manat dəstək ayrılmasının, 1-ci divizionda isə bu rəqəmin 10 dəfə aşağı olmasının sonuncu olmamaq üçün Premyer Liqada güzəştsiz mübarizəyə səbəb olduğu da vurğulanıb. Burada isə əsas rəqabətin “Kəpəz”, “Sumqayıt”, “Səbail” və “Şamaxı” arasında getdiyi qeyd olunub. Sonda ispan nəşri oxucularını Azərbaycan futbolunu izləməyə də səsləyib.