“Liverpul” dramatik matçda “Tottenhem”i məğlub etdi
İngiltərə Premyer Liqasının 34-cü turunda 7 qolla yadda qalan matçda “Liverpul” öz meydanında “Tottenhem”dən üstün olub.
Demedia.az xəbər verir ki, “Enfild”də keçən oyunu Pol Tirninin rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.
Mersisaydlılar oyunun ilk 5 dəqiqəsində 2 dəfə rəqibi məyus ediblər. Belə ki, Trent Aleksander-Arnoldun ötürməsi ilə ilk qolu Körtis Cons vurub, iki dəqiqə sonra isə meydan sahiblərinin üstünlüyünü Luis Dias artırıb.
15-ci dəqiqədə Yurgen Kloppun yetirmələri hesabı tamamilə sarsıdıcı hala gətiriblər. Məhəmməd Salah penaltidən fərqlənib.
Görüşün birinci yarısının bitməsinə 5 dəqiqə qalmış “Tottenhem” Harri Keynin səyi nəticəsində oyunda intriqanı dirçəldib – 3:1.
Matçın 77-ci dəqiqəsində Son Hın Min “mahmızlar”ın ikinci qoluna imza atır.
Matçın əsas vaxtına əlavə edilən dəqiqələrdə “Tottenhem”in hücumçusu Rişarlison hesabı bərabərləşdirib. Lakin 60 saniyədən sonra onun komandası yenə 4-cü dəfə məyus olub. Dioqo Jota “qırmızılar”a üç xal qazandırıb. Oyun 4:3 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb.
Almaniyalı mütəxəssisin yetirmələri bu qələbə ilə turnir cədvəlində “Tottenhem” və “Aston Villa”nı geridə qoyaraq 5-ci pilləyə yüksəliblər. Londonlular isə bir pillə geriləyərək 6-cı pilləyə düşüblər. Onların aktivində 54 xal var.