Azərbaycanda danışılmış oyunlara görə 7 şəxs futboldan uzaqlaşdırıldı
AFFA İntizam Komitəsi danışılmış oyunlarda iştirak etmiş 6 futbolçunu cəzalandırıb.
Demedia.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
I Divizionda MOİK-də çıxış edən Kamil Hüseynov, İlham Allahverdiyev, Rüstəm Rüstəmov, Elşən Veysov, ordu klubunun sabiq üzvü Qabil Sabirli, MOİK-in formasını geyinmiş, hazırda “Araz Naxçıvan”ın qapıçısı olan Fərman Bayramovun danışılmış oyunlar barədə xəbərdar olub, müvafiq orqanlara məlumat vermədiyinə görə 2 il müddətinə (1 il 6 ay şərti olmaqla) futbolla əlaqədar hər hansı fəaliyyətlə məşğul olmalarına qadağa qoyulub.
Adları çəkilən oyunçular 6 aydan sonra futbol fəaliyyəti ilə məşğul ola bilərlər.
Bundan əlavə, Samir Hüseynov adlı şəxsin oyunların təşkil edilməsinə görə futbolla bağlı hər hansı fəaliyyətdən ömürlük məhrum edilərək AFFA və PFL bayrağı altında keçirilən matçlarda stadiona daxil olmağı qadağan edilib.