"Çempionluqda Roberto Bordinin, Füzuli Məmmədovun da rolu var" - "Neftçi"nin prezidenti



 09:40 20.05.2021     314

Premyer Liqanın 28-ci turunun "Qarabağ"la oyunundan sonra "Neftçi"nin prezidenti Kamran Quliyev jurnalistlərin suallarını cavablandırıb.

Nexeber.az apasport.az-a istinadən bildirir ki, klub rəhbəri 1:0 hesablı qələbə, qazanılan çempionluq və planlar barədə danışıb.

- "Neftçi" 7 illik hegemonluğa son qoydu. Çempionluq necə hisslərdir? Danışmırdınız, son matçı gözləyirdiniz...

- Danışılası bir vəziyyət də deyil. Deməyə də güc qalmayıb. Amma həmd olsun Allaha. Ürəkdən təbrik edirəm. Bu, "Neftçi"yə sevgi-məhəbbətlə yanaşan hər insanın, ürəyi "Neftçi" ilə döyünən hər kəsin qələbəsidir. Bu gün biz uzun müddətdən, uzun fasilədən sonra yenə də zirvədəyik. "Neftçi" axırıncı dəfə 2013-cü ildə çempion olub. 8 il qələbə, 1-ci yer həsrətində olan bizim azarkeşlərə sadəcə "əhsən" deyirəm.

- "Qarabağ"ın hegemonluğuna son qoymaq çox çətin oldu?

- Bizim bugünkü rəqibimizin müəyyənləşdiyi səviyyə o qədər yüksək idi ki, ona bir addımla, bir hərəkətlə çatmaq mümkün deyildi. Biz davamlı, yavaş-yavaş, addım-addım buna nail olduq. Uğurlu dönəmdən sonra "Neftçi" çox çətin durumda idi. Bu müddətdə klubda işləyən hər kəsin, əvvəlki rəhbərlər, Müşahidə Şurası, Elnur Məmmədov, Orxan Hüseynzadənin bu qələbədə payı var. Bizim bu mövsüm başlayanda idman direktorumuz Ceyhun Sultanov, baş məşqçimiz Füzuli Məmmədov, əvvəlki çalışdırıcımız Roberto Bordin - hər kəsin bunda payı var. Onlara sadəcə mesaj yollamaqla deyil. Hər kəsin bunda payı var. Başda azarkeşlər olmaqla. Bizim sponsorlar, bizə dəstək olan hər kəs, "Neftçi" camiəsi deyərdim. Təkcə bizim azarkeşlər deyil, ürəyi bizimlə döyünənlər, bir də bizim qəhrəmanlar. Qəhrəmanlar deyəndə klubumuzda çalışan hər kəsi nəzərdə tuturam. Hər əməkdaşdan baş məşqçiyə qədər.

- Son dəqiqələr çətin keçdi. Qələbə qazanılacağına inam var idi?

- Təbii ki. Oyunun gedişatı elə idi ki, hər iki komanda qol vura bilərdi. Bu gün "Neftçi"sevərlərin üzü gülür. O deməkdir ki, qismətimizdə bu var idi. "Neftçi"nin ruhu, gücü hamının göz qabağındadır.

- Samir Abasov baş məşqçi postunda qalacaq?

- Siz zarafat edirsiniz? Təbii ki. Bir neçə günə Müşahidə Şurasının iclası olacaq. Biz hesabat verməliyik. Həm şura, həm ictimaiyyət qarşısında bunu etməliyik. Çempionlar Liqasını indi düşünmürəm, amma sabahdan bütün əhval-ruhiyyəni bir kənara qoyub, gizlədəcəyik. Yenə iş başında olacağıq.