Hidayət medal qazanmaq üçün dördqat dünya çempionuna rəqib oldu - YENİLƏNİR



 16:55 08.06.2021     431

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında Hidayət Heydərov bürünc medal qazana bilər.

Oxu.Az-ın xəbərinə görə,  o, Mozambik, Çexiya və İtaliyadan olan rəqiblərinə qalib gəlib. lakin 1/4 finalda Türkiyə cüdoçusu Bilal Çiloğluya uduzub.

Hidayət daha sonra meydan sahibi idmançısına qalib gələrək bürünc medal qazanmaq şansı əldə edib. Lakin onun bu medal üçün rəqibi dördqat dünya çempionu (bu qızıl medallardan birini üç il əvvəl Bakıda qarışıq komanda hesabında alıb – S.M.) Soiçi Haşimoto olacaq.

Təcrübəsiz Nurlan Osmanov isə ilk görüşdə bu çəkidə axşam final görüşü keçirəcək isveçli rəqibinə uduzaraq mübarizəni dayandırıb. 

10:29

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatının üçüncü günündə daha iki çəki dərəcəsində mükafatçılar bəlli olacaq.

Oxu.Az xəbər verir ki, kişilər üzrə Azərbaycan yığmasının iki üzvü 73 kq çəki dərəcəsində tatami üzərinə çıxacaq. Rüstəm Orucovun yoxluğunda bu çəkidə Hidayət Heydərovla Nurlan Osmanov medallar uğrunda mübarizəyə qoşulacaq.

Hər iki təmsilçimiz ilk mərhələdən tatami üzərinə çıxacaq. Nurlan Osmanov isveçli Tommy Masiasla qarşılaşacaq. Uzun fasilədən sonra bu çəki dərəcəsinə qayıdan Hidayət Heydərovun rəqibi mozambikli Ayton Sikuir olacaq.

Qeyd edək ki, dünya çempionatında hələlik yalnız Kəramət Hüseynov (-60 kq) bürünc medal qazana bilib.