Türkiyədə futbol yarışları təxirə salındı: Artıq bəsdir
Türkiyədə futbol çempionatları qeyri-müəyyən müddətə təxirə salınıb.
Demedia.az xəbər verir ki, bu barədə yerli futbol federasiyasının prezidenti (TFF) Mehmet Büyükeşki açıqlama verib. Bu barədə qərar "Ankaragücü" - "Rizəspor" matçının (1:1) sonunda yaşanan qalmaqaldan sonra verilib.
"Bütün liqaların oyunlarını müddətsiz olaraq təxirə saldıq. Futbol matçları müharibə deyil, sonunda ölüm yoxdur. Bütün komandalar eyni anda çempion ola bilməz. Bunu hamı başa düşməlidir. Hər kəsi məsuliyyətli olmağa dəvət edirik. Artıq bəsdir. Hakimlər də insandır. Türkiyə futbolunun dəyərini daha çox düşürməyin. Dünyada futbolumuzu rüsvay etməyək. Artıq bəsdir"! - deyə Büyükeşki qurumun təcili iclasından sonra açıqlama verib.
Qeyd edək ki, oyun bitdikdən sonra “Ankaragücü”nün prezidenti Faruk Koca meydana daxil olaraq qarşılaşmanın baş hakim Halil Umut Melerin sifətinə yumruq zərbəsi endirib. Zərbədən sonra baş hakim yıxılıb və onu təpiklə vurmağa davam ediblər.