Çempionlar Liqasında fasilə başa çatdı: Messi PSJ formasında “Real”a qarşı AFİŞA
UEFA Çempionlar Liqasında fasilə başa çatır.
Nəxəbər.az-ın xəbərinə görə, bu gün turnirdə pley-off mərhələsinə start verilir.
Mərhələnin ilk günündə iki matç keçiriləcək. PSJ Parisdə Madrid “Real”ını, “Sportinq” Lissabonda “Mançester Siti”ni qəbul edəcək.
15 fevral
00:00 PSJ (Fransa) – “Real” (İspaniya)
Baş hakim: Daniele Orsato (İtaliya)
Paris. “Park de Prins” stadionu
Təbii ki, Fransanın paytaxtındakı görüş mərhələnin iki ən böyük maraq doğuran qarşılaşmalarından biri sayıldığından, bütün diqqətlər bu matçda olacaq. Bu iki komanda bir-biri ilə sonuncu dəfə 2019/2020 mövsümünün qrup mərhələsində qarşılaşıb. 2019-cu ilin sentyabrın 18-də Parisdə keçirilmiş ilk matçda PSJ 3:0 hesabı ilə qalib gəlib. Həmin matç “Real”ın sabiq futbolçusu olan argentinalı Anxel Di Mariyanın dublu ilə yadda qalıb.
Hər iki komanda hazırda ölkəsinin lideridir. Bu matçı maraqlı edən cəhətlərdən biri də “Barselona”nın sabiq argentinalı ulduzu Lionel Messinin yenidən prinsipial rəqib “Real”a qarşı oynamasıdır.
Bu görüşdə PSJ sabiq “Real”lı, ispaniyalı mərkəz müdafiəçisi Serxio Ramosun xidmətindən zədə səbəbindən istifadə edə bilməyəcək. Həmçinin Ander Erera, Aleksandr Letelye, Eduar Mişut və Neymarın meydana çıxması sual altındadır. “Real”da isə ciddi bir itki yoxdur.