Ölkəmizdə futbolun inkişafı üçün nələr etmək olar?



 15:20 23.02.2024     253

Xəbər verdiyimiz kimi,dünən "Qarabağ" tarixində ilk dəfə avrokubokların 1/8 finalına yüksəlib.

Azərbaycan çempionu UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın "Braqa" klubunu üstələyərək, bunu reallaşdırıb.

Səfərdə 4:2 hesablı qələbə qazanan Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionundakı cavab qarşılaşmasında 2:3 hesabı ilə uduzsa da, mərhələni adlamağı bacarıb.

Bəs ölkəmizdə futbolun daha da inkişafı üçün nələr etmək olar?

Mövzu ilə bağlı BiG.AZ-a idman şərhçisi Emin Abbasov açıqlama verib.

O bildirib ki, Azərbaycan futbolunun inkişafını istəyiriksə, buna görə kompleks proqram olmalıdır. Təbii ki, burda bir neçə meyar var. İlkin olaraq infrastruktur. İnfrastruktur klubların, meydançalarının texniki bazaları olmalıdır.

"İndi dövr dəyişib. İndi uşaqlarda həyət meydançalarına maraq yerinə, kompüterlərə maraq var. Futbol artıq da dəyişib. Hazırda futbol məhəllə xarakter yox, elmi xarakter daşıyır. Ona görə də güclü futbol akademiyaları olmalıdır. Məsələn Özbəkistan nümünəsi var. Onların 17 yaşdan ibarət yığması Fransanı məglub edərək, dünya çempionatına qədər irəliləyiblər. Onu araşdıranda görürük ki, Özbəkistanda 30-a yaxın futbol akademiyası var. Bizdə isə təəssüf ki yoxdur. Bizdə olan uşaq futbol akademiyalarının səviyyəsi aşağıdır. Meydançalar bizdə çox azdır, ümümu standartlara cavab verən. Bir çox futbol akademiyaları məşq eləməyə yer tapmırlar. Ölkənin bir çox yerlərində səviyyəli meydançalar tikilməli, onlara müəyyən maliyyə ayrılmalıdır, çox savadlı kadrlar orda işləməlidir. Bunlar hamısı zəncirvaridir. Bütün bunlar bir-birini tamamlamalıdır. Bunlar təmin olunandan sonra, biz inkişaf gözləyə bilərik. Futbolda işini bilən, vətənpərvər vacib kadrlar olmalıdır. Bu gün Qarabağ futbol komandasının uğurları birbaşa olaraq Qurban Qurbanovun şəxsiyyəti, işinə məsuliyyəti, vətənpərvərliyi ilə bağlıdır. Azərbaycan futbolunun inkişafını daha da istəyiriksə,Qurban Qurbanovun fikirlərindən, baxış tərzindən, təcrübəsindən istifadə eləməliyik. Bütün bu məsələlər sayəsində ölkəmizdə futbol daha da inkişaf edə bilər".