“Qarabağ”ın baş məşqçisi: “Ya onlar olsun, ya biz”



 17:15 11.03.2024     291

“Futbolçularımı təbrik edirəm, bir az ümumi narahatlığım var idi. Meydanda hiss olundu. Amma qalibiyyət üçün yaxşı oyun göstərdilər. Boşluqlarımız oldu. Bəzi epizodlarda çox diqqətsiz oldular. Amma ümumən maraqlı idi”.

Demedia.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.  

O, Azərbaycan Premyer Liqasının 26-cı turunda “Zirə” üzərində 3:1 hesablı qələbədən sonra jurnalistlərin suallarını cavablandırıb:

- Medina oynamağa tam hazırdır? “Bayer”lə oyunda olacaq? Azarkeşlər şüar səsləndirdi ki, finala çıxaq. Bu haqda nə deyərdiniz?

- Medina yenidən yaşıl meydanlara döndüyü üçün sevinirik. Amma uyğunlaşmaq çətin idi, vaxt lazım olacaq. “Bayer”lə oyunda lazım olsa meydana çıxa bilər, bu bizim üçün üstünlükdür. Real olmayan şeydən danışmaq düzgün çıxmaz. Hər qalibiyyət bizim üçün üstünlükdür. Azərbaycan futbolu üçün irəliləyişdir.

- Juninyo və Benzianın durumu necədir?

- Benziada hər şey normaldır. Juninyo isə düşündüyümüzdən yaxşıdır. Bunu tam dəqiq qarşıdakı günlərdə biləcəyik.

- “Bayer”lə səfər oyununda düşüncələriniz nədir? 

- Elvin və Romaonun heyətə qayıtmağı üstünlükdür. Çalışacağıq ki, daha intizamlı olaq. Sabahdan başlayaraq duruma görə heyət quracağıq. Futbolçularımın istirahətə ehtiyacı var, vaxtları da var.

- Türkiyəlilər “Bayer”lə oyunda sizlərə dəstək üçün kampaniya başladıb. Nə düşünürsünüz?

- Bizə olduqca dəstək olar. Azarkeş futbolun motivasiyası üçün önəmlidir. Qardaşlarımızın dəstəyi böyük motivasiya olar.

- Bakıdakı oyundan əvvəl çox inamlı görünürdünüz. Almaniya səfəri qabağı nəyə inanırsınız? 

- İnam olmasa, olmaz. Futbolçular ilk öncə məndə o inamı hiss etməlidirlər. Biz yaxşı komandaya qarşı oynayırıq. Ən təhlükəlisi rəqibin futbolçular “acdır”, böyük titullar əldə etmək istəyirlər, həmçinin baş məşqçiləri də. Çox üstünlükləri var. Həmişə deyirəm, real olmaq lazımdır. Yenə də səfərdə olmağımıza baxmayaraq, yaxşı mübarizə aparmağa çalışacağıq. Yenidən oyunun sonuna qədər dözməyimiz vacibdir. Biz buradakı oyunda 70 dəqiqədə Azərbaycan çempionatının 90 dəqiqəsinin gücünü sərf etmişik, oyunda temp olub.

- Xabi ilə görüşünüzdə demişdiniz ki, istəyərəm komandası Avroliqanı qazansın. Hələ də bu fikirdəsiniz? 

- Alonsonun futbolçu karyerası genişdir. Mən bilməzdim “Bayer” yenidən rəqib olar. Amma hələ də bu düşüncədəyəm. Ya onlar olsun, ya biz.