Millinin futbolçusu zorlamada şübhəli bilindi: Saxlanıldı
"Maynts"ın və Yaponiya millisinin yarımmüdafiəçisi Kaysyu Sano qrup halında zorlamada şübhəli bilinərək Tokio polisi tərəfindən saxlanılıb.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, iyulun 14-də 30 yaşlı qadının polisə cinsi təcavüzə məruz qaldığını bildirməsindən sonra 23 yaşlı yaponiyalı və iki dostu saxlanılıb. Bildirilir ki, zərərçəkmiş olduğu iddia edilən xanım və onun rəfiqəsi gecə saatlarında futbolçu və dostları ilə nahar edib, daha sonra onlarla otelə gediblər. Səhər tezdən qadın polisə müraciət edib, bundan sonra futbolçu və dostları otelin yaxınlığında saxlanılıb.
İyulun əvvəlində Sano 2,5 milyon avroya “Kasima Antlers”dən “Maynts”a keçib və alman klubu ilə 4 illik müqavilə imzalayıb. “Maynts” rəsmi açıqlama yayaraq klubun yeni futbolçunun saxlanması xəbərindən təəccübləndiyini və vəziyyəti anlamağa çalışdığını qeyd edib. Qeyd olunur ki, yaponiyalı futbolçu bu həftə yeni komandasının olduğu yerə gəlməli idi.
Sano Yaponiya millisində debütünü ötən ilin noyabrında Myanma ilə yoldaşlıq oyununda (5:0) edib. Ümumilikdə onun millidə dörd oyunu var.