Hidayət Heydərov: 2028 Olimpiadasında da birinci olmaq istəyirəm



 10:30 04.08.2024     611

Olimpiadanın qızıl mükafatçısı cüdoçu Hidayət Heydərov 2028-ci ildə keçiriləcək Los-Anceles Olimpiadasının da birincisi olmaq niyyətində olduğunu açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə idmançı Parisdən qayıtdıqdan sonra hava limanında jurnalistlərin suallarını cavablandırarkən söyləyib.

"Qarşıda, əlbəttə ki, 2028 – Los-Anceles Olimpiadasıdır, lakin o vaxtadək çoxlu yarışlar var – Avropa çempionatı, dünya çempionatı. Qısa fasilədən sonra yenidən arenaya qayıdacağam", – cüdoçu söyləyib.

O, "ikinci dəfə olimpiya çempionu olmaq istədiyini, bunun üçün əlindən gələni edəcəyini" vurğulayıb.

"İkinci dəfə olimpiya çempionu olacağam", – deyə idmançı əminliyini ifadə edib. O, olimpiya çempionu olmaq arzusunda olanlara üz tutaraq söyləyib: "Olimpiya çempionu olmaq istəyənlər, ümumiyyətlə, idman yox, hər bir işdə bir şeyi ürəkdən istəmək lazımdır. İstədikləri axır-əvvəl olacaq".

Xatırladaq ki, Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış cüdoçular Hidayev Heydərov və Zelim Kotsoyev, həmçinin onlarla birgə mübarizə aparmış azərbaycanlı cüdoçular Bakıya qayıdıblar.