“Qarabağ”ı ÇL-də nə gözləyir? - Potensial rəqiblər, qrup yolu...
“Qarabağ” 2 illik fasilədən sonra Azərbaycanı yenidən Çempionlar Liqasında təmsil etmək hüququ qazanıb.
Demedia.az xəbər verir ki, Ağdam təmsilçisi mübarizəyə birinci mərhələdən başlayacaq və “səpələnmişlər” səbətində yer alacaq. Qurban Qurbanovun komandası bu mərhələnin reytinq-favoritidir. Hazırda “Qarabağ”ın aktivində 25 bal var ki, bu da 1-ci raundun hazırkı və potensial iştirakçıları arasında ən yaxşı göstəricidir.
15 potensial rəqib kimlərdir?
Bu mərhələdə 30 komanda yarışacaq. “Qarabağ”ın mümkün rəqibləri 15 “səpələnməmiş” komandadan biri olacaq (Ermənistan klubu istisna olmaqla). Həmin komandalardan 8-i artıq bəllidir.
Bunlar “Şaxtyor” (Belarus), “Sutyeska” (Çernoqoriya), “Kİ Klaksvik” (Farer adaları), “Haybernians” (Malta), “Tobol” (Qazaxıstan), “Şkupi” (Şimali Makedoniya), RFŞ (Latviya) və “Dinamo”dur (Batumi, Gürcüstan). Həmçinin potensial rəqiblər sırasında Polşa, Albaniya, Kosovo və ilkin mərhələnin qalibi olacaq Estoniya, İslandiya, Andorra və ya San-Marino çempionlarından biri olacaq. “Səpələnməmişlər” səbətində daha 2 yeri isə Şimali İrlandiya, Bosniya və Hersoqovina, Sloveniya və ya Lüksemburq çempionları təşkil edəcək.
“Qarabağ” ikinci mərhələyə keçərsə…
Bu halda da Ağdam təmsilçisi daha yaxşı reytinqə malik komandaların “səpələnmişlər” səbətində yer alacaq. Burada isə onlardan reytinqcə üstün komanda Yunanıstan çempionu ola bilər.
1-ci və 2-ci təsnifat mərhələlərinin püşkatması 14-15 iyunda, 1-ci raundun oyunları 5/6 və 12/13 iyulda, 2-ci raundun oyunları isə 19/20 və 26/27 iyulda keçiriləcək.
Qrupda oynamaq üçün…
ÇL-in qrupuna düşmək üçün “Qarabağ”a ümumən 4 mərhələ keçmək lazım gələcək. Azərbaycan çempionu Avropa Liqası və ya Konfrans Liqasının qrupunda yer ala bilər.
Əgər “Qarabağ” 1-ci mərhələdə uduzsa, o zaman bu halda Konfrans Liqasında 2-ci mərhələyə düşəcək. Qrupa vəsiqə üçün üç rəqibi keçmək şərt olacaq. Yox, “Qarabağ” ÇL-də ikinci mərhələdə uduzsa, bu halda Avroliqada 3-cü mərhələyə düşəcək. Komandanı qrupdan 2 mərhələ ayıracaq. Avroliqanın bu mərhələsində məğlubiyyət olsa, komanda Konfrans Liqasında “pley-off”a düşəcək.
Nəhayət, ÇL-in “pley-off”una vəsiqə ən azı Avroliqanın qrupuna düşməyi təmin edir. Avroliqanın “pley-off”unda uduzacağı halda “Qarabağ” Konfrans Liqasının qrupunda yarışacaq.