Tanınmış kikboksçular Azərbaycan çempionatında
Kikboksinq üzrə kişilər və qadınlar arasında keçirilən XXVI Azərbaycan çempionatında 1/4 final görüşləri davam edir.
Federasiyanın Mətbuat Xidmətindən Demedia.az-a verilən məlumata görə, bu gün saat 17:00-dan başlanacaq yarımfinal qarşılaşmalarında Azərbaycanın tanınmış kikboksçuları mübarizəyə qoşulacaq.
Bunların arasında peşəkar kikboksçu, Ukraynada yaşayan azərbaycanlı Alim Nəbiyev ilk dəfə yerli çempionatda debüt edəcək. O, Zabit Səmədovun adını daşıyan döyüş klubunu təmsil edəcək. "Glory" turnirində çıxışları ilə tanınan Nəbiyev 81 kq çəki dərəcəsində "Full Contact" versiyası üzrə mübarizə aparacaq.
Bundan başqa, Azərbaycanın dünya çempionları - federasiyanın I vitse-prezidenti Ramal Aslanov (75 kq, "Dinamo" İdman Cəmiyyəti), Eduard Məmmədovun tələbəsi olan Anar Məmmədov (57 kq, ZV Döyüş Akademiyası) və Bəhram Rəcəbzadə (+91 kq, "Altın Qurd") yarımfinaldan mübarizəyə qoşulacaq. Onların hər üçü "Low Kick" versiyası üzrə çıxış edəcək.
Qeyd edək ki, Sərhədçi İdman Olimpiya Mərkəzində mayın 22-də keçiriləcək final görüşləri "İdman" telekanalı vasitəsilə canlı göstəriləcək.