Legionersiz Avropa çempionu olan millimiz: Onlar kimlərdir, bu uğura necə nail oldular?



 18:12 12.06.2022     1067

 

Xəbər verdiyimiz kimi, Azərbaycan mini-futbol millisi Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatının qalibi oldu. Finalda qitənin beşqat qalibi Rumıniyanı əzmkar mübarizəylə məğlub edən (1:0) komandamız tarixi nailiyyətə imza atdı.

Bəs Azərbaycan belə böyük uğura necə nail oldu?

Demedia.az futbolpress.az-a istinadən araşdırmanı təqdim edir.

Əvvəlcə, qitə çempionatı ərzində yaranmış, “Bu, mini-futboldur, yoxsa futzal?”, “Mini-futbol həm də futzaldır?” kimi sualların aktuallaşdığını qeyd edək. Buna səbəb mini-futbol və futzalın tarixində qalmaqallı məqamların çoxluğudur. Tezliklə “FutbolPress”in bu mövzuda geniş, fundamental araşdırması ilə də tanış ola bilərsiniz. Hələliksə gəlin, “mini-futbol elə futzaldır, yaxud əksinə...” – tezisi üzərindən mövzuya davam edək və ölkəmizin qazandığı böyük uğurun tarixçəsinə nəzər yetirək.
***
Azərbaycan mini-futbol millisi müxtəlif zamanlarda diqqətsizliyə düçar olub. Bu sahəyə sistematik yanaşmanı isə ilk dəfə “AzfarGroup” adlı şirkət göstərib.

Şirkətin əsası 2009-cu ildə qoyulub və “həvəskar futbola peşəkar yanaşma” devizi ilə indiyədək ölkənin 20-ə yaxın müxtəlif məntəqəsində 40-a yaxın meydança inşa etdirib. Mini-futbol sektorunda aşkar favorit olan şirkət qol qoyduğu bu işə peşəkar yanaşma sərgiləmək məqsədi ilə 2017-ci ildə Azərbaycan Mini-Futbol Assosiasiyası (AMFA) təsis edib.

Elə həmin ildə Azərbaycan mini-futbolunun beynəlxalq arenada çıxış etməsi üçün “AzfarGroup” Dünya Mini-Futbol Federasiyası (DMF) ilə əməkdaşlığa başlayıb. DMF-in Prezidenti Filip Juda Bakıda işgüzar səfərdə olmuş, mini-futbolun inkişafına dair müxtəlif layihələrə qoşulmaq haqda sənədlər imzalanmışdı.

Yeni addımlar sözügedən sahənin ölkədə fundamental inkişafını başlanğıcı olacaqdı...

***

Ötən ilin yayında AMFA geniş tədbir təşkil edərək, ölkədə mini-futbol liqasının daha kütləvi təşkilinə nail oldu. Bu, ondan əvvəlki illərdə mini-futbol yığmasının bəzi yarışlara səfərində yaranan/yaradılan problemlərdən sonra atılmış məcburi addım kimi də dəyərləndirilə bilər. Səbəbinə əhatəli qayıdacağıq...

Təkcə bir faktı qeyd etmək olar ki, Azərbaycanda mini-futbolun inkişafı üçün səy göstərən “AzfarGroup”un təşəbbüslərinə laqeyd yanaşıldığına dair söz-söhbətlər əsassız olmayıbmış...

2019-cu ildə Yunanıstanda qitəmiqyaslı yarışda iştirak etməkçün ciddi hazırlıq keçən mini-futbol yığmasının son anda viza problemi üzündən səfərə gedə bilməməsi haqda xəbər yayılmışdı. Sonradan məlum olacaqdı ki, səfər xərclərinin qarşılanması Gənclər və İdman Nazirliyindən istənsə də, qurum bundan imtina edibmiş. Və s. analoji məsələlər...
***
Ötən il isə “AzfarGroup” bu işə daha əhatəli yanaşma tətbiq edərək milli liqa təşkil etdi. Mini-futbol üzrə milli komandanın şəraiti daha da yaxşılaşdırıldı.

...Və cəmi 12-13 ildə işin ibtidaisindən başlayan adıçəkilən şirkət nizamla davam etdirib Avropa çempionluğunadək irəliləməyi bacardı.

Haşiyə: İyunun 10-da gənclər və idman naziri Fərid Qayıbov və “Zirə” Futbol Klubunun fəxri prezidenti Orxan Məmmədov yarımfinal öncəsi onlayn formatda mini-futbol üzrə milli komandanın üzvləri ilə görüşərək qalibiyyət münasibətilə komandanı təbrik edib, yarımfinalda uğurlar arzu ediblər.

***

Vaxtilə nazirlikdən AMFA-ya olan laqeydlik... və indiki mənzərə.

Həm də adlara fikir verdinizmi?

Bəli, Orxan Məmmədov... “Zirə” futbol klubunun fəxri prezidenti...
Azərbaycan Mini-Futbol Assosiasiyasının təsisçisi/himayəçisi olan “AzfarGroup”un rəhbəri Taeh Nəsibov...
O, 2020-ci ildən “Zirə”nin prezidentidir.

Bir sözlə, Avropa çempioluğunadək irəliləyən böyük yolun müəllifi “AzfarGroup” və ”Zirə” FK koalisiyasıdır.

Azərbaycan mini-futbol millisinin Avropa çempionluğu - bu, Azərbaycanda böyük futbolun da doğru idarə ediləcəyi təqdirdə böyük uğurlara nail ola biləcəyinə dair ən tutarlı presedent sayıla bilər.

***

Sosial şəbəkələrdə Azərbaycan mini-futbol millisinin uğuruna ən maraqlı və kütləvi reaksiya belədir: “Bu komandanın bütün oyunçuları doğma-böyümə azərbaycanlılardır. Ona görə bu qələbə hər birimizə şirindir!”.

P.S. Deməli, sistematik iş görüləndə sırf azərbaycanlı futbolçulardan ibarət komanda da böyük uğur qazanırmış. Fərqi yoxdur, mini, yaxud... biz KOMANDA şəklində Avropanın ən güclüsü olmağı bacarmışıq. Bu, heç də mini iş deyil.

Deməli, “bizdə futbolçu yoxdur” deyib, əcnəbiləri milliləşdirmək əbəs imiş. Sadəcə, işə dürüst, peşəkar yanaşmaq lazımdır...

Avropa çempionu olan, millinin sifariş ərizəsində yer almış oyunçularla bir daha tanış olaq:

Baş məşqçi: Elşad Quliyev

Futbolçular: Anar Məmmədov, Tanrıverdi Məhərrəmli, Tural Nərimanov, Vitali Borisov, Seymur Məmmədov, Asif Zeynalov, Elvin Əlizadə, Samir Həmzəyev, Vüsal İsayev, Taleh Babayev, Mirmehdi Rzayev, Ramil Həsənzadə, Orxan Əliyev, İlkin Hacıyev, Təbriz Əmircanov, Rəvan Kərimov, Bəxtiyar Soltanov, Mehdi Rəsulov, Davud Kərimi, Elmar Qasımov