"Futbolçular üçün sevinirəm, onlar buna layiqdir" - Canni De Byazi



 22:59 13.06.2022     1168

 

"Axır ki, qələbə qazandıq. Mən sevinirəm. Siz də sevinirsinizmi? Özüm üçün yox futbolçular üçün sevinirəm. Çünki onlar buna layiqdirlər. 11 günə 4 oyun keçirdik. Ağır matçlar oldu. Mövsümün sonu olduğu üçün çox çətin idi. Amma bu gün qalib gələ bildik".

Demedia.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Bakıda Belarus yığmasına 2:0 hesabı ilə qalib gəldikləri UEFA Millətlət Liqasının qrup mərhələsinin IV tur oyunundan sonra mətbuat konfransında deyib.

66 yaşlı mütəxəssis bildirib ki, Qazaxıstan seçməsinin qrup liderliyi sürpriz olmamalıdır: "Maraqlı məqam odur ki, onlarda mövsüm davam edir. Digər ölkələrdə isə mövsüm bitib və bu fiziki baxımdan özünü göstərir. Qazaxıstana qarşı da yaxşı oynamışdıq. Amma şanslardan istifadə edə bilmədik və bu, bizə baha başa gəldi".

De Byazi bu gün bəzi oyunçuları ikinci hissənin sonuna saxlamaq istədiklərini sözlərinə əlavə edib: "Bu gün oyun keydiyyəti baxımından yaxşı idik. İki hücumçudan başqa Aleksey İsayev və Coşqun Diniyevi xüsusi qeyd etməliyəm. Start heyətdə meydana çıxanlar da sonadək vuruşdular. Bu, Slovakiya ilə matçdan sonra çətin idi. Amma oyunçular bunu bacardılar".

İtaliyalı baş məşqçi Slovakiyaya qarşı əvvəlki matçın ilk 20 dəqiqəsinin komanda üçün çətin keçdiyini etiraf edib: "Amma daha sonra yaxşı oynamışdıq. Son dəqiqələrdə istədiyimiz kimi oynamadıq və rəqib bundan yararlandı".

Mütəxəssis problemlərin arxada qalacağına inandığını söyləyib: "Qalib gəlmişik deyə rahatlaşmamalıyıq. Bunu davam etdirməliyik. Əvvəlki oyunlarda da yaxşı oynamışdıq. Sizin üçün nəticə önəmlidir. Amma biz kompleks yanaşırıq".

De Byazi kapitan Maksim Medvedevin texniki zonada aktiv olmasına da toxunub: "Mən ona deyirdim, Maksim isə fikirlərimi oyunçulara çatdırırdı. Komandanın kapitanıdır, böyük təcrübəsi var. Fikirləşirəm ki, gələcəkdə də məşqçi işləyə bilər. Amma bu, pis və ağır işdir, bilmirəm, istəyər, ya yox. Bu gün hamımız bir yerdə vuruşurduq".

Baş məşqçi 4 matçda start heyəti dəyişməməsi barədə də danışıb: "Bir oyun üçün cəmi 4 günümüz olur. Klubda daha asandır, vaxt çox olur. Bizdə belə deyil. Fikirləşirəm ki, komandanın inkişafı üçün bir yerdə daha çox oynaması vacibdir. Yorğun ola bilərlər, amma qərar verdik ki, belə davam edək".

Mütəxəssis daha çox xala layiq olduqlarını söyləyib: "Qazaxıstanla oyuna xala layiq idi. Belarusla Serbiyada matçda isə 3 xal əldə edə bilərdik".