"Ümid edirəm ki, komanda "Lex"lə oyuna kimi..." - Qurban Qurbanov
"Futbolçuların hamısının bir yerdə keçirdiyi vaxt az oldu. Hazırlıq müddətində bizim üçün vacib olan xırda detallara əl atdıq. Əvvəlki illərdə bu prosesə bəlkə də toplanışın 10-15-ci günündən başlayırdıq. İndi isə vaxtımız yox idi".
Demedia.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avstriyada başa çatan təlim-məşq toplanışının yekunu barədə klubun mətbuat xidmətinə açıqlamasında deyib.
50 yaşlı mütəxəssis qısa müddətdə yaxşılaşdırmalı olduqlarıməqamların hər birini futbolçulara xatırlatdıqlarını bildiirb: "Onları nromal səviyyəyə qaldırmağa çalışdıq. Hər biri təcrübəli futbolçu olsa da, bəzi detalları daim təkrarlamalıyıq ki, eyni səhvləri etməsinlər".
Təcrübəli baş məşqçi hazırlıq prosesindən tam razı qalmadığını söyləyib: "Fikirlərimi futbolçuların hamısına çatdırmağa vaxtımız olmadı. Hər bir halda 3 oyunluq toplanışımızda onların tələblərimizi yerinə yetirmələrinə çalışdıq. Əllərindən gələni etdilər. Bugünkü duruma görə onlardan razı qalmalıyam. Çünki müsbət məqamlar çox oldu".
Qurbanov futbolçular çox istəklə hazırlaşdıqlarını vurğulayıb: "Bəzi günlərdə hava şəraitinə baxmayaraq, məşqlərimizi təxirə salımadıq. Ümid edirəm ki, komanda "Lex"lə oyuna kimi daha yaxşı səviyyəyə qalxacaq".
Qeyd edək ki, "Qarabağ" Polşa "Lex"inə qarşı UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununu iyulun 5-də səfərdə, cavab matçını isə 1 həftə sonra evdə keçirəcək.