Növbəti dəfə ən çox tamaşaçı Bakıda oldu
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı açıqlanıb.
Demedia.az-ın məlumatına görə, 12 matçda ümumilikdə 142 000-dək tamaşaçı iştirak edib.
Ən çox fanat Bakıda "Qarabağ" və İsveçrənin "Sürix" komandaları arasında keçirilmiş qarşılaşmada olub. Görüşü 30 782 tərəfdar izləyib.
İkinci pillədə 29 654 tamaşaçı ilə "Makkabi" (Hayfa, İsrail) - "Olimpiakos" (Yunanıstan) oyunu yer alıb. İlk "üçlüy"ü "Ferentsvaroş" (Macarıstan) - "Slovan" (Bratislava, Slovakiya) matçı tamamlayıb - 20 459.
Qeyd edək ki, "Qarabağ" rəqibini 3:2 hesabı ilə məğlub edib. Cavab görüşü iyulun 27-də olacaq. "Sürix"i üstələyəcəyi təqdirdə, "köhlən-atlar" Çempionlar Liqasının III təsnifat mərhələsində "Ferentsvaroş" (Macarıstan) / "Slovan" (Bratislava, Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək.
Xatırladaq ki, "Qarabağ"ın Polşa "Lex"i ilə keçirdiyi hər iki qarşılaşma I təsnifat mərhələsində ən çox fanatın iştirak etdiyi görüşlər olub. Poznanda 0:1 hesabı ilə uduzan Azərbaycan çempionu Bakıda rəqibini darmadağın edib - 5:1.