Azərbaycanlı döyüşçü Rusiyada 1 milyon qazana bilər - FOTOLAR
Azərbaycanlı MMA döyüşçüsü Elnar İbrahimov Rusiyada yüngül çəkidə Qran Pri yarışına çıxacaq.
Nexeber.az oxu.az-a istinadən xəbər verir ki, bu, ötən il hərbi xidmətdə olmuş E.İbrahimovun dövlət qarşısında borcunu yerinə yetirdikdən sonra ilk yarışı olacaq.
Fevralın 20-də Open FC şirkətinin keçirəcəyi Qran Pridə səkkiz idmançı mübarizə aparacaq. 23 yaşlı Elnarın 1/4 finaldakı rəqibi Əlimərdan Abdıkaarov (Qırğızıstan) olacaq. Elnar indiyədək 20 döyüş keçirib və bunlardan 16-da qalib gəlib. 25 yaşlı qırğız idmançı isə indiyədək keçirdiyi 17 döyüşdən 12-də qələbəyə sevinib.
Elnar yarımfinala adlayacağı halda, Mateus Santos (Braziliya) – Aleksandr Volodin (Rusiya) cütünün qalibi ilə qarşılaşacaq. Həmçinin 1/4 finalda Cəsur Kərimov (Özbəkistan) Vyaçeslav Svişyovla (Rusiya) və Səməd Jaqparov (Qazaxıstan) Ayk Kazaryanla (Ermənistan) döyüşəcək. Finala çıxan idmançı bir gündə üç döyüşə çıxacaq. Yalnız qalibə 1 milyon rubl veriləcək.
Yeri gəlmişkən, Elnar təşkilatçılara özü haqda və mükafat fondu barədə danışıb: “Özüm haqda nə deyə bilərəm ki? Adım Elnardır, hesab edirəm ki, bu, kifayət edir. Mən MMA, pankration üzrə dünya çempionuyam, sambo üzrə Avropa çempionatının mükafatçısıyam.
Vaxtımı daha çox döyüşməyə ayırıram. Öz ölkəmi və öz bayrağımı bu turnirdə təmsil etdiyimə görə inanılmaz fəxr hissi yaşayıram.
Pul? Əsas odur ki, olsun. Onu hara xərcləməyimə gəlincə, yer taparam!”.