"Qarabağ"ın qələbəsi Azərbaycanı Polşaya yaxınlaşdırdı



 09:07 10.08.2022     448

Azərbaycan UEFA reytinqində 2022/2023 mövsümü üçün xal ehtiyatını yenidən artırıb.

Demedia.az-ın məlumatına görə, bu, "Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda Macarıstanın "Ferentsvaroş" klubu üzərində 3:1 hesablı səfər qələbəsi sayəsində mümkün olub. Bu nəticə hazırda avrokuboklarda 2 komanda ilə təmsil olunan ölkənin aktivinə daha 0,250 xal gətirib.

Bu mövsüm üzrə xal sayını 1,875-ə, son 5 mövsümdə isə 14,500-ə çatdıran Azərbaycan 29-cu pillədə qalsa da, 15,375 xalla 28-ci sırada qərarlaşan Polşaya yaxınlaşıb.

Azərbaycanın Konfrans Liqasındakı təmsilçisi "Neftçi" III təsnifat mərhələsinin cavab oyununda avqustun 11-də Avstriyada "Rapid" (Vyana) klubunun qonağı olacaq. Bakıdakı ilk matçda "ağ-qaralar" rəqibini məğlub edib - 2:1.

Qeyd edək ki, Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında III təsnifat mərhələsinin cavab matçlarından sonra reytinq siyahısında müəyyən dəyişikliklər də baş verib. Çexiya 24,175 16-cı pilləyə yüksəlib. Buna "Qarabağ"ın pley-offdakı rəqibi olan Plzen "Viktoriya"sının evdə Moldova "Şerif"inə 2:1 hesabı ilə qalib gəlməsi səbəb olub. Əvəzində 23,975 xalı olan Yunanıstan 17-cı sıraya geriləyib.

Bundan başqa, İrlandiya (9,375) 36-cı yerə qalxıb. Eyni xala malik Finlandiya və Bosniya və Herseqovina (hər ikisi 9,375) isə müvafiq olaraq, 37 - 38-ci pilləyə geriləyiblər.