"Dinamo"nun baş məşqçisi Mahir Emrelini təriflədi: Meydana daxil olandan sonra...



 14:28 25.08.2022     1035

 

"Meydana ehtiyatdan daxil olanlar matçın gedişinə əla təsir göstərdilər".

Demedia.az-ın məlumatına görə, bunu "Dinamo" (Zaqreb) komandasının baş məşqçisi Ante Çaçiç Xorvatiyada Norveç "Budö Qlimt"inə əlavə vaxtda 4:1 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra deyib.

69 yaşlı mütəxəssis panikaya düşmədiklərini bildirib: "Əlavə vaxtdan öncə futbolçulara dedim ki, sakit olsalar, qələbə bizimdir. Oyunçularımı təbrik etməliyəm. Onlar qəhrəmancasına iş gördülər. Oyundan öncə və matç zamanı problemlərimiz var idi. Amma bunların öhdəsindən gələ bildik. Çempionlar Liqasına qayıdış "Dinamo" və Xorvatiya futbolu üçün böyük işdir. Bəzi daxili problemlərimiz də var idi. Lakin səbəb axtarmaq kimi görünməsin deyə, onları açıqlamaq istəmirəm".

Çaçiç qitənin bir nömrəli klub turnirinin qrup mərhələsində İspaniyanın "Real Madrid" və Ukraynanın "Şaxtyor" (Donetsk) klubları ilə üz-üzə gəlmək istədiyini söyləyib: "Yığmada olduğum vaxt rəhbərliyim altında iki kapitan çıxış edib: Luka Modriç və Dario Srna. Onların komandaları "Real Madrid" və "Şaxtyor"un qrup mərhələsində bizə rəqib olmalarını istərdim".

Qeyd edək ki, qarşılaşmaya ehtiyatda başlayan Mahir Emreli 60-cı dəqiqədə Dario Şpikiçin yerinə meydana daxil olub. O, komandasının üçüncü qolunda yaxından iştirak edib. Görüşün əsas vaxtı 2:1 hesablı heç-heçə ilə yekunlaşıb. Çempionlar Liqasında qrup mərhələsinin püşkatma mərasimi bu gün Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.