“Qarabağ” azarkeşlərindən bir dəqiqəlik sükut təşəbbüsü - FOTO
Bu gün Bakı vaxtı ilə saat 20:45-də “Qarabağ” Avropa Liqasının qrup mərhələsinin ikinci turunda Fransanın “Nant” klubu ilə qarşılaşacaq.
Xatırladaq ki, Ağdam təmsilçisi matçdan öncə Ermənistan təxribatı nəticəsində şəhid olan həmvətənlərimizlə bağlı bir dəqiqəlik sükut elan edilməsi üçün UEFA-ya müraciət etmişdi. Lakin UEFA bu müraciətə müsbət cavab vermədi.
Buna baxmayaraq, azarkeşlər öz təşəbbüsləri ilə arenada bir dəqiqəlik sükut edəcəklər.
Bununla əlaqədar “Qarabağ”ın “İmarət Tayfa” fan klubu sosial şəbəkə səhifəsində bütün azarkeşlərə müraciət ünvanlayıb:
“Qarabağ”-“Nant” matçında şəhidlərin xatirəsini yad etmək məqsədi ilə hər kəsdən start fitindən sonra bir dəqiqəlik ayaq üstdə sükut etməyi xahiş və tələb edirik. Şəhidlər ölməz, Vətən bölünməz!”