Gövhər Beydullayeva və Abdulla Qədimbəyli dünya çempionu oldu



 09:55 23.10.2022     481

İtaliyanın Sardiniya adasında şahmat üzrə gənclər arasında dünya çempionatı sona çatıb.

Demedia.az-ın məlumatına görə, qızların yarışında Azərbaycan şahmatçısı Gövhər Beydullayeva sonuncu - XI turda Qazaxıstan təmsilçisi Liya Kurmangaliyeva ilə görüşüb.

Oyun qazaxıstanlı şahmatçının qələbəsi ilə yekunlaşıb.

Bu tur ərəfəsində 8,5 xalla çempionluğu təmin etmiş Gövhər Beydullayeva üçün matç formal xarakter daşıyıb. Onun əsas izləyicisi, digər qazaxıstanlı şahmatçı Assel Serikbey ukraynalı Yelizaveta Hrebenşikovaya qalib gəlib xallarının sayını 8,5-ə çatdırsa da, ikilinin öz aralarındakı oyuna görə, sıralama dəyişməyib.

Qadınların yarışındakı digər Azərbaycan təmsilçisi Ləman Hacıyeva isə son turda Sloveniyalı Ur Zalaya uduzub və çempionatı 7 xalla 10-cu sırada başa vurub.

Kişilərin yarışında da son tur oynanılıb.

Hesabat turunda Azərbaycanın iki təmsilçisi – Abdulla Qədimbəyli ilə Məhəmməd Muradlı qarşılaşıblar. Tərəflər sülhə razılaşıblar.

Bu nəticədən sonra Qədimbəylinin xalı 8-ə, Muradlınınkı isə 7,5-ə çatıb.

Bu tura qədər 8 xalla lider olan macarıstanlı Adam Kozak hindistanlı Luk Laon Mendonkaya məğlub olduğu üçün əlavə əmsallara görə Abdulla Qədimbəyli dünya çempionu olub.