8 paracüdoçumuz Bakıdakı dünya çempionatına buraxılmadı



 09:54 06.11.2022     491

Azərbaycanın 8 paracüdoçusu Bakıda keçiriləcək dünya çempionatına buraxılmayıb.

Milli Paralimpiya Komitəsindən Demedia.az-a verilən məlumata görə, Aydın Əhmədov, Bayram Mustafayev, Vüqar Şirinli, Xəyal Qəniyev, Kamil Ağayev, Taleh Şabiyev, Əlican İsmayılzadə və Abdulla İsmayılov beynəlxalq həkimlər tərəfindən götürülən tibbi təsnifatdan keçə bilməyiblər.

Lakin onlar növbəti yarışlarında yenidən əlavə müayinə ilə tibbi təsnifata cəlb olunacaqlar.

Müayinə nəticəsində kişilərdən Amil Əliyev, Hüseyn Rəhimli, Zakir Mislimov, Kənan Abdullaxanlı, qadınlardan isə Əsma İbrahimova, Şəhanə Hacıyeva, Vəfa Seyidova və Xanım Hüseynova tibbi təsnifatdan keçərək, yarışda iştirak hüququ qazanıblar.

Beləliklə, dünya çempionatında Azərbaycanı ümumilikdə 13 cüdoçu - İsmayıl Muradov (60 kq J1), Amil Əliyev (73 kq J1), Hüseyn Rəhimli (73 kq J2), Namiq Abaslı (73 kq J2), Zakir Mislimov (90 kq J1), İlham Zəkiyev (+90 kq J1), Kənan Abdullaxanlı (+90 kq J2), Əsma İbrahimova (48 kq J2), Şəhanə Hacıyeva (48 kq J2), Vəfa Seydova (57 kq J1), Xanım Hüseynova (70 kq J2), Xatirə İsmiyeva (+70 kq J1) və Dürsədəf Kərimova (+70 kq J2) təmsil edəcək.

Yarış 8 - 10 noyabrda Heydər Əliyev İdman Konsert Kompleksində təşkil olunacaq.

Qeyd edək ki, Paris-2024 XVII Yay Paralimpiya Oyunlarına qədər bir neçə dəfə təşkil edilən tibbi təsnifatlar nüfuzlu yarışda tibbi göstərişlərinə görə iştirak edəcək idmançıları müəyyənləşdirəcək. Bu qayda bütün paralimpiya idman növlərinə aid edilir.