DÇ-2022: Argentina millisinin futbolçuları tarixə düşdü



 11:04 19.12.2022     336

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Qətərdə keçirilən dünya çempionatının final oyunundan sonra bir sıra tarixi göstəriciləri və rekordları açıqlayıb.

Demedia.az Report-a istinadən xəbər verir ki, Argentina yığmasının DÇ-2022-nin həlledici qarşılaşmasında Fransa millisi üzərində (3:3, penaltilərlə 4:3) qalib gəldiyi görüşdə bəzi futbolçular ilkə imza atıblar.

- Bu, Cənubi Amerika və Avropa təmsilçiləri arasında keçirilən 11-ci dünya çempionatı finalı idi. Cənubi amerikalılar 8, avropalılar 3 dəfə qalib gəliblər.

- Argentina yığması ilk oyununda (Səudiyyə Ərəbistanına 1:2) məğlub olmasına baxmayaraq, sonda çempionluq sevinci yaşayan ikinci komandadır. Birinci dəfə DÇ-2010-da İspaniya millisi bu nailiyyətə imza atıb.

- Fransa seçməsi finala qədər mundialların pley-off mərhələlərində ardıcıl 7 qələbə qazanıb. Onları dünya çempionatları tarixində yalnız Braziliya qabaqlayır. “Pentakampeonlar” 1958-ci ildən 1970-ci ilə qədər turnirin pley-offlarında ardıcıl 9 qarşılaşmada qalib gəliblər.

- Argentina millisinin çalışdırıcısı Lionel Skaloni (44 yaş) dünya çempionu olan ən gənc ikinci baş məşqçi olub. Bu baxımdan rekordçu DÇ-1978-i qazanan digər argentinalı Sezar Luis Menottidir (39 yaş).

- Skaloni iki braziliyalı Mario Zaqallo (DÇ-1970, Amerika Kuboku-1997) və Karlos Alberto Parreyradan (DÇ-1994, Amerika Kuboku-2004) sonra həm dünya çempionluğunu (2022), həm də Amerika Kubokunu (2021) qazanan üçüncü məşqçidir.

- Fransa yığmasının baş məşqçisi Didye Deşam italiyalı Vittorio Pozzo (1934, 1938), argentinalı Karlos Bilardo (1986, 1990) və almaniyalı Frans Bekkenbauerdən (1986, 1990) sonra ardıcıl iki dünya çempionatının final görüşünə komanda çıxaran 4-cü mütəxəssisdir.

- Həm “İnter”, həm də “Bavariya”nın ən azı bir üzvü son 11 dünya çempionatının finalında (1982-2022) iştirak edib. Qətərdə bu ənənəni Lautaro Martines (“İnter”), Dayot Upamekano və Kinqsli Koman (hər ikisi “Bavariya”) davam etdirib.

- İlk dəfə bir final matçında 34 yaşdan yuxarı oyunçular 3 qol vurublar (Lionel Messi - 2, Anxel Di Mariya - 1).

- Ektor Kastro (Uruqvay), Pele və Ronaldodan (hər ikisi Braziliya) sonra həm Amerika Kubokunun, həm də dünya çempionatının finalında qol vuran dördüncü oyunçu Anxel Di Mariya olub. O, bunu bacaran ilk argentinalıdır.

- Anxel Di Mariya, eyni zamanda, Yay Olimpiya Oyunlarının, qitə çempionatının və dünya çempionatının finalında fərqlənən ilk futbolçudur.

- Argentina yığmasının kapitanı Lionel Messi hazırkı formatın tətbiqindən bəri bir mundialın bütün mərhələlərində (qrup, 1/8 final, 1/4 final, yarımfinal, final) qol vuran ilk oyunçudur.

- Messi dünya çempionatlarında ən çox oyun keçirən futbolçu rekorduna sahib çıxıb. Finalda 26-cı matçına çıxan 35 yaşlı hücumçu almaniyalı Lotar Matteusun (25) rekordunu yeniləyib.

- Fransa yığmasının hücumçusu Kilian Mbappe 1966-cı ildəki DÇ-nin Almaniya ilə final görüşündə het-trik edən ingiltərəli Ceff Hörstdən sonra bunu bacaran ikinci oyunçu olub.

- İlk dəfə mundialın finalında 2-dən çox (3) penalti təyin olunub.

- Dünya çempionatları tarixində birinci dəfədir ki, ən çox qol vuran iki futbolçu (Kilian Mbappe - 8, Lionel Messi - 7) eyni klubu (PSJ, Fransa) təmsil edib.

- Mundiallar tarixində ikinci dəfə iki oyunçu 7 və daha çox qol vurub. İlk olaraq DÇ-1970-də Herd Müller (Almaniya - 10) və Jairzinyo (Braziliya - 7) bu göstəriciyə nail olublar.