Enerjiyə qənaət edən lampalar – hansını seçsək cibimizə və səhhətimizə zərər vurmarıq?
Enerji ölkəsinin vətəndaşları olsaq da, enerjiyə qənaət etməyə öyrəşmişik. İndi bunun obyektiv və subyektiv səbəbləri haqqında deyil, enrjiyə qənaət yollarından biri qənaətcil lampalardan bəhs edəcəyik.
Nəzərə alsaq ki, işıq həyatdır, bu səbəbdən bir çox mənzillərdə elektrik lampalarından geniş istifadə olunur. Əslində işıqlandırma sahəsinə innovativ texnologiyaların tətbiqində başlıca məqsəd də enerji sərfiyyatına qənaət etməkdir.
Bu gün bir çoxumuz mənzillərimizdə közərmə lampalarını müasir lampalarla əvəz edirik. İşıqlanmada kompakt lüminessent, floresan və led lampalarının tətbiqinə cüzi vəsait ayırmaqla sərf olunan elektrik enerjisinin 80%-nə qənaət etmək olar. Bəs hansı lampaların enerji sərfiyyatı daha azdır, yəni daha az pul yazır?
Nexeber.az ted.az-a istinadən bildirir ki, Azərbaycan Texniki Universitetinin müəllimi Yusif Qaziyev led lampaların enerji sərfiyyatı az olduğunu söyləyir: "Hazırda ən müasir lampalar led lampalardır. Adi lokal lampalarla müqayisədə bəlkə də 5/1 nisbətində enerji sərfiyyatı azdır. Müasir tipli led lampalar yaxud led işıq sistemləri keçmiş lokal, spirallı lampalardan 5 dəfəyə yaxın az enerji sərf edir. Ksenon lampalar da az işıq pulu yazır. Onlar da led lampalar ailəsinə aiddir və avtomobildə də istifadə olunur. Amma ksenon lampalar bir az keçmişdə qalıb deyə bilərik. Led lampaların işıq sərfiyyatı, ksenon və digər enerjiyə qənaət edən lampalardan da 20-30 faiz azdır".
Məlumat üçün bildirək ki, LED lampaların gücü 3-30 W, xidmət müddəti 30.000-50.000 saat, parlaqlıq səmərəliliyi 100-120 Lm / W, işıq axını 250-2500 lumendir. İstismar müddətində istilik, ultrabənövşəyi və infraqırmızı radiasiya olmur. Digər enerjiyə qənaət edən lampalardan fərqli olaraq istehsalında heç bir zərərli maddə istifadə edilmədiyindən ətraf mühitə zərərsiz sayılır və xüsusi atılmasına ehtiyac yoxdur.