Azərbaycanda turizm niyə bu qədər bahadır? - Ekspert
Pandemiya zamanı iflic olan turizm sektoru təəssüf ki, karantin qaydalarının yumşalmasından sonra vətəndaşların gözləntilərini doğrultmadı. Qiymətlər pandemiyadan əvvələ nisbətən daha da bahalaşıb. Vəziyyətin belə olmasının isə bir sıra səbəbləri var.
Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib.
Ekspert bildirib ki, turizm obyektlərində qiymətlərin yüksək olmasının səbəblərindən biri rəqabətsizlik mühitidir:
“Yəni ölkədə turizm obyektlərinin sayının azlığı və rəqabət mühitinin olmaması qiymət artımında mühüm rol oynayır. Digər bir səbəb də otellərin böyük əksəriyyətinin çox imkanlı şəxslərə və ya vəzifə sahiblərinə bağlı olmasıdır. Onlar turizm obyektini inkişaf etdirmək, genişləndirmək, normal qiymətlər, daha yaxşı xidmətlə müştəri cəlb etməyi hədəf seçmirlər. Türkiyə və yaxud Gürcüstanda hansısa sahibkar kredit götürür, turzimə yatırım edir və gecə-gündüz çalışaraq, kreditini verməyə və biznesini inkişaf etdirməyə çalışır. Ona görə də müştəri məmnunluğu onlar üçün əsasdır. Təəssüf ki, bizdə turizm sektorunda vəziyyət başqa cürdür”.
Ekspertin sözlərinə görə, daxili turizmdə qiymət artımının əsas səbəblərindən biri də pandemiyaya görə xaricə gedən turistlərin sayının azalmasıdır:
“Düzdür, karantin qaydaları yumşalıb, lakin hələ də insanlar pandemiyaya görə xaricə getməyə çəkinir. Bu da onsuz da az sayda olan turizm obyektlərinə tələbi artırır. Müştəri sayı artırsa, qiymətlər də artır və nəticədə sadə insanların istirahət imkanları məhdudlaşır”.
N.Cəfərli onu da qeyd edib ki, turizm sektorunda qiymətlərin tənzimlənməsinə və ümumilikdə bu sahədə aparıcı ölkələrin təcrübəsindən istifadəyə ciddi ehtiyac var:
“Problemin ən ciddi tərəflərindən biri də odur ki, Azərbaycandakı turizm obyektləri elit təbəqə üçün nəzərdə tutulub. Halbuki turizmi inkişaf etmiş ölkələrdə olduğu kimi, beşulduz otellərlə bərabər, daha ucuz xidmətlər təklif edən otel, motellər yaradılmalıdır. Bundan əlavə, turistik kirayə evlərə, eyni zamanda birgünlük kirayə evlərə də ehtiyac var. Arzuolunandır ki, ölkədə turizmin inkişaf etdirilməsi üçün dövlətin təklifləri, vergi güzəştləri və s. olsun, stimullaşdırıcı amillər vacibdir. Azərbaycanın təbiəti olduqca gözəldir. Xüsusilə Qarabağın işğaldan azad edildiyini nəzərə alıb, bu istiqamətdə ciddi düşünmək lazımdır”.