Braziliya necə ölkədir? Çaşıb qalacaqsız - ARAŞDIRMA



 14:28 05.09.2022     900

Braziliya –rəsmi adı Braziliya Federativ Respublikası. Cənubi Amerikanın həm ən böyük, həm də əhalisi ən çox olan ölkəsidir. Ekvador və Çilidən başqa, bütün Cənubi Amerika ölkələri ilə həmsərhəddir. Ərazisi 8516000 km2 olan ölkə Cənubi Amerikanın 47,8%-ni əhatə edir. 10 ölkəylə sərhəd qonşusu olan Braziliyanın ən maraqlı sərhədi ölkənin şimalındakı Fransız Qvineyası ilədir.  Bu sərhəd Braziliyanı bir Avropa ölkəsi ilə qonşu edir. İstanbuldan paytaxt Braziliyaya reys dəyişmə ilə, ən tezi, 17 saata uça bilərsiniz.

Demedia.az-ın araşdırmasına görə, Braziliya 4 fərqli saat qurşağına sahibdir. Paytaxt Braziliya ilə müqayisədə, ölkədə vaxt Türkiyəyə nisbətən, 6 saat geri qalır. Braziliyanın ərazisinin böyük hissəsi Cənub yarımkürəsində, kiçik bir hissəsi isə Şimal yarımkürəsindədir. Ölkə səhralardan yağış meşələrinə, şəlalələrdən bataqlıqlara, düzənliklərdən dağlara qədər təbii müxtəlifliyə malikdir. Dünyanın ən böyük bataqlığı Pantanal,  dünyanın ən böyük meşəsi Amazon və dünyanın ən böyük şəlalələrindən biri olan İguazu  Braziliyadadır.

Amazon yağış meşələri başqa Cənubi Amerika ölkələrinin ərazisinə daxil olsa da, 60%-i Braziliyanın payına düşür. Planetimizdə ən çox bioloji müxtəlifliyə məhz burada rast gəlinir. Qardaş Türkiyə ərazisindən 7 dəfə çox olan meşələr sayəsində palnetimizə lazım olan oksigenin üçdə biri burda yaranır. İndiyədək elmə məlum olan 9 milyon heyvan növünün, təxminən, yarısı bu meşələrdədir. “Dünyanın ən ölümcül məkanı” adlanan İlanlar adası da Braziliyadadır. Buraya, qanunla yalnız elm adamlarının daxil olmasına icazə verilir. Adada hər 1 m2-ə 1 zəhərli ilan düşür. Braziliya o qədər böyük bir ölkədir ki, torpaqlarının tamamı, hardasa, bütün Avropa ölkələrinin ərazisinin toplamına çatır. Ərazisinə görə, dünya ölkələri arasında 5-ci yerdədir. Ölkə 26 əyalət və 1 federal bölgədən ibarətdir. Çox adam elə bilir ki, ölkənin paytaxtı Rio-de-Janeyrodur. Amma deyil...Paytaxt Braziliya şəhəridir. Rio 1960-cı ilədək paytaxt olub. Braziliya isə paytaxt olması üçün 1956-1960-cı illərdə, tam olaraq, 41 ay ərzində sıfırdan tikilən bir şəhərdir. Şəhər planlanarkən, yuxarıdan baxıldığında bir təyyarəyə bənzəyəcək şəkildə salınıb.

 

Ölkənin demoqrafik göstəricisinə baxsaq, əhali sayının 214 milyona yaxın olduğunu görərik. (213057783). Əhalisinin sayına görə, müvafiq siyahıda 6-cı yerdədir.

Braziliyada mədəni müxtəliflik də var. Burda fərqli ölkələrin, fərqli xalqların mədəniyyətlərinin izini görmək olur. Bu gün braziliyalılar avropalılar, afrikalılar, qızıldərililər kimi 3 etnik qrupun nəvələri olaraq qəbul edilir. Ona görə də, burda hər cür müxtəlifliyə rast gəlinir. Mətbəxdəki rənagrənglik  də bundan qaynaqlanır.

 

Əhalinin 47%-i ağdərili, 43%-i pardo, yəni, mələz, 8%-i qaradərili, 1,5%-i asiyalı, 0,5%-i yerli amerikalıdır. Pardolar qaradərililər kimi tünd, yaxud, ağdərililər kimi açıq dəriyə malik deyil. Əslində, ölkənin şimalı və cənubu arasında dəri fərqi olduqca nəzərə çarpır. Şimaldakı əhalinin yarısından çoxu qaradərili ikən, ölkənin ağdərili əhalisinin böyük hissəsi  cənubda yaşayır. İrqçilik tarix boyunca burda problem olub. Amma 2011-ci ildə ölkədəki irq nisbəti dəyişdi. Ölkə tarixində ilk dəfə, ağdərili əhalinin digər əhali qrupuna nisbətən azaldığı müəyyən edildi. Bir zamanlar Braziliya dünyada ən çox afrikalı kölə idxal edən ölkə idi. Məhz buna görə, bu gün ölkədə afrika kökənli  insanlarla addımbaşı qarşılaşmaq mümkündür. Rəqəmlərə baxsaq, o vaxtlar Braziliyanın ABŞ-la müqayisədə, 11 dəfə çox kölə idxal etdiyini görərik. O vaxt kölə kimi göndərilən, təxminən, 12,5 milyon insanın 38,9%-i Braziliyaya gəlirdi.

1880-ci ildə əkinçilikdə texnologiyaya keçid və respublikanın elan edilməsiylə Braziliya Amerika qitəsində köləliyi ləğv edən son ölkə kimi tarixə düşdü. Amma köləlik ləğv edilsə də, qaradərililər cəmiyyətdə digər insanlarla eyni hüquqa malik deyildi. Məcbur qalan qaradərililər öz icmalarını yaratdılar. Beləcə, köləlik olmasa da, irqçilik alovları yanırdı. Əhalisinin 82%-i afrikalı kölələrin nəvə-nəticələri olan Salvador “Afrika xaricindəki ən böyük Afrika şəhəri” adlanır.

Braziliya əhalisinin 65%-i katolik, 22%-i protestan, 2%-i spiritist, 3,2%-i müsəlman, budist, hindu kimi digər dinlərin mənsublarıdır. 8%-i isə heç bir dinə inanmadığını dilə gətirir.

ABŞ-dan sonra dünyada ən çox xristian əhali burada yaşayır. Dünyada ən çox katolik əhaliyə də Braziliya  sahibdir. Bunun da səbəbi Braziliyanın 1500-cü ildən 1822-ci ilədək, yəni, tam 322 il boyunca Portuqaliyanın müstəmləkəsi olmasıdır. 1891-ci ilə qədər dövlət dini xristianlıq idi. Əhali də bu müddət ərzində məcburən xristianlaşdırıldı. Bu gün yerli əhalinin az olmasının səbəbi də portuqallardır. Onlar bu torpaqlara gələndə özləri ilə bərabər Avropa xəstəliklərini də gətirdilər. Yerli əhalinin böyük qismini məhz bu yad xəstəliklər yox etdi. Etnik köklərə baxdıqda, ölkədə 900 mindən çox insan 240 qəbilədən birinin nümayəndəsidir. Siyahıya alınan 80-ə qədər qəbilə isə dünya ilə təmas qurmamağı seçib.  Hətta, Amazonun dərinliklərində hələ kəşf olunmamış qəbilələr olduğu da təxmin edilir.

 

Braziliya Yaponiya xaricində ən çox yaponun yaşadığı ölkədir. Ümumi sayları 1,5 milyon olan yaponların 70%-i San-Paulo şəhərində yaşayır. Buraya ilk yapon köçü 1908-ci ildə olub. Hələ də yapon məhəllələri öz mədəniyyətlərinə sadiqdir.

 

Ölkədəki gündəlik həyat tərzinə baxsaq,  braziliyalılar ispanca danışır. Amma rəsmi dil portuqal dilidir. Burda portuqal dili Portuqaliyada olduğundan daha çox istifadə edilir. Bununla belə, ölkədə 228-ə yaxın dil və ləhcədə danışılır. Federativ Respublikanın pul vahidi Braziliya realıdır. 1 Braziliya realı bizim pulla, təxminən, 30 qəpikdir. İnsan başına düşən gəlirə görə, qonşularından geri qalan Braziliyada “həyat səbəti” 1100 real, orta aylıq əmək haqqı  3000 realdan aşağıdır. Gəlir paylanmasına görə, dünyanın bərabərsizlik hökm sürən ölkələrindən biridir.  Ən varlılar ilə digər əhalinin arasında böyük bir uçurum var. 6 varlı insanın gəliri əhalinin 50%-nin gəlirinə bərabərdir.

 

Əhalinin yarısı ayda 50 dollardan az qazanırkən, digər 40%-inin gəliri aylıq 400-600 dollar hesablanır. Ümumi əhalinin 9%-i, yəni, təxminən, 20 milyon insan gündəlik, sadəcə, 3 dollar qazanaraq ölməməyə çalışır. 1,2 milyon braziliyalı ya evsizdir, ya da çətin şəraitdə yaşayır. Ev ehtiyacını ödəmək üçün ölkədə 8 milyondan çox bina tikmək lazımdır. Təkcə Rioda son 3 ildə evsizlərin sayı 150% artıb. Böyük şəhərlərdə elə məhəllələr var ki, addımbaşı yerdə yatan insanlarla qarşılaşmaq olur.

 

Braziliyada “yoxsul bölgə”lərin sayı çoxdur. Varlıların əksəriyyəti cənubda yaşayır. İnkişaf etməkdə olan ölkələrə nəzərən, Braziliya çox bahalı ölkədir. Telefon və kompyuter texnologiyalarının dünyada ən baha satıldığı şəhər San-Paulodur. Uzun müddət Braziliya inflyasiya ilə yaşayan ölkə idi. Ən yüksək inflyasiya həddi 1980-ci illərdə qeydə alınıb. 1995-ci ildən sonra inflyasiya azalmağa başladı. O vaxt ölkədəki mağazalar bağlanmamaq üçün kreditlə satışa keçdilər. Bu adətləri hələ də qalır:  bəzən bir köynək üçün 20 aylıq kredit hesabı açılır. Bu hesablar da braziliyalıların 60%-nin ömür boyu kiməsə borclu olmalarına gətirib çıxarır.  Digər yandan, bu şərtlər olmasaydı, adi maaşa baxan bir vətəndaş San-Paulonun mərkəzində 25 dollara pizza alıb yeyə bilməzdi. 2012-ci ildə aparılan sorğuya əsasən, hər bir braziliyalı, ən azı, 2 kredit kartına sahib olmağa meyillidir.

 

İşsizlik burda da sosial problemlərin başında gəlir. Və qəribədir ki, işsizlər arasında kişilərin sayı daha çoxdur. San-Paulo şəhərinə “Cənubi Amerikanın Nyu-Yorku” deyirlər. Hər küçəsində evsizlərə rast gəlinən, eyni zamanda, bahalı mənzilləri, görkəmli göydələnləri ilə məhşur olan şəhər  dünyanın ən önəmli maliyyə və sənaye mərkəzlərindəndir. Elə Avropa ölkələri var ki,  iqtisadi dövriyyəsi San-Paulodan kiçikdir. Braziliya iqtisadiyyatının 30%-i məhz burda cəmləşib. Təbii ki, bu böyüklükdə şəhərdə yol-nəqliyyat problemi də boldur. 2013-cü il noyabrın 15-də San-Pauloda 309 km uzunluğunda tıxac olub.  Tıxaclardan yaxa qurtarmaq istəyənlər vertolyotlara üz tutur. Bəli, San-Paulo həm də, “dünyada ən çox vertolyota sahib şəhər” titulunu daşıyır. Burada 500-dən çox vertolyot var. 22 milyondan çox əhalisi olan şəhərdə, təxminən,  8,5 milyon maşın var.  Bu maşınların 92%-i yanacaq kimi bitkidən əldə edilən etanol istifadə edir.

Braziliya “təhlükəli ölkələr” siyahısından da payını alır. Oğurluq halları, digər cinayət tərkibli əməllər olduqca çox baş verir. Cinayətlərin miqyasına görə, dünyada müvafiq siyahıda 7-ci yeri tutan Braziliyada gələn turistlərə bahalı əşalarını özləri ilə gətirməməyi tövsiyə edirlər. Hətta, foto aparatlarını belə çantalarında gizli saxlamaq kimi kiçik məsləhətlər də verilir. Burda o qədər oğurluq olur ki, əyalətlərin çoxunda başına kaska taxmaq, ya da üzünü nəyləsə bağlamaq qanunla qadağandır. Ölkədə “özünümüdafiə” anlayışı yoxdur.  Hamını müdafiə etmək polisin işidir. Yəni, kimsə yolda sizə hücum edir və siz özünüzü qorumaq üçün onu vurursunuz. Bu zaman həmin adam yox, onu vuran siz günahkar sayılırsınız.

 

            Braziliyada həbsxanalarda belə bir proqram tətbiq edilir: məhkumlar bir kitabı oxuyub onun haqqında qısa xülasə yazarlarsa,  cəza müddətinə daxil oldan hər aydan 4 gün silinir.  Və bu müddət 48 günlə məhdudlaşır. Şəhər meydanı üçün elektrik istehsal edən xüsusi velosipedlərin pedalını çevirmək də cəza müddətindən gün silinməsinə səbəb olur. Bu tətbiqlərin əsas məqsədi  məhbusların cəmiyyətə faydalılıq dərəcəsini artırmaqla, onun önəmli insan sayılmasına səbəb olmaqdır.

 

            Burda  xalq daim hökumətin dürüst olmamasından şikayətçidir. Təməl səbəblərdən biri vergilərin yüksək olmasıdır.  Braziliya deyəndə, favelalar da yada düşür: üst-üstə yığılmış kimi görünən gecəqondu məhəllələri. Buralar “dünyanın ən təhlükəli yerləri” siyahısına daxildir. Bu məhəllələrdə qanunla qadağan olunmuş maddələrin satışını idarə edən “başçılar” yaşayır, eyni zamanda, hər məhəllə hökumət qanunları ilə deyil, məhz bu başçının qaydaları ilə idarə olunur. Başına nəsə iş gələn insan polisə yox, “başçı”ya müraciət etməlidir. Təbii ki, bu cür yerlərə girməkdən polis də çəkinir. Çünki bəzi qruplaşmalar polisdən daha güclüdür: həm insan qaynaqlarına görə, həm də təchiz olunduğu silah-sursat ilə. Onu da qeyd edim ki, qanunla silah gəzdirmək qadağandır. Amma favelalarda bu qanunlar keçmir.

            ABŞ-da tez-tez polisin vətəndaşa  şiddət göstərməsi media gündəminə çevrilir. Braziliyada bu hal daha sıx yaşanır. ABŞ-da hər 37 min insandan 1-i polis tərəfindən qətlə yetirilirsə, Rioda 23 nəfərdən 1-inin canını polis alır. Favelaların təpələrin başında salınmasının əsas səbəbi aşağıdan gələnləri görməkdir. Küçələrin olmaması, evlər arasında yalnız cığırların olması isə polis basqınında gizlənməyə və qaçmağa fürsət yaratmaq məqsədi güdür. Burda heç bir evin sənədi yoxdur. Əvvəllər,  taxta qırıqlarından, oğurlanmış maşınların dəmirlərindən düzəldilən evlər, sonralar yavaş-yavaş daşla, divarla əhatələnir. Amma hələ də bu məhəllələr “normal həyat tərzindən” çox uzaqdadır.

            Favelalar ilk dəfə 19-cu əsrin sonlarında qalmağa yerləri olmayan əsgərlər tərəfindən qurulub. Zamanla köləlikdən azad edilən, amma yaşamağa yeri və işi olmayan insanlar da favelaları son çarə kimi gördülər. 1990-cı illərdə Cənubi Amerikadakı qadağan edilmiş maddə kartelləri bu məhəllələrin polisin nəzarətində olmadığını görüncə, obrazlı desək, buraya köçdülər. Gigiyenik  tələbatlara cavab verməyən, hətta, xəstəxanası belə olmayan favelalarda uşaq ölümü həddən artıqdır.  Olmayan xəstəxana sistemi favelalarda orta yaş həddini 48-ə düşürür. Halbuki, Braziliyada orta yaş həddi 76-dır.

            Favelalarda təhlükəsiz insanlar da yaşayır. Rio əhalisinin 25%-i, 2011-ci ildə aparılan bir sorğuya əsasən isə, ümumən, bütün Braziliya əhalisinin 6%-i favelalarda yaşamağa məhkumdur. Yəni, təxminən, 15 milyon insan favela sakinidir. Faveladan yaxa qurtarmaq üçün pulu olmayanlar burda yaşamağa məcbur qalır.   Şəhərlərdə normal birotaqlı  mənzil aylıq 600 dollara kirayə verilir. Favelalarda isə üçotaqlı bir evin aylıq kirayəsi 100 dollardır. Üstəlik, favelalarda su, işıq, qaz pulu ödənmir. Çünki hamısı  qaçaq yolla çəkilir. Bundan əlavə, favelalardakı əşyaların 95%-i oğurluq olur.

 

            Bu gecəqondu məhəllələrin bəzi küçələrinin turistlər arasında məhşurlaşmasının da qəribə səbəbi var. Hər il, təxminən, 40 min turist həyatları boyunca görməyəcəkləri yoxsulluqla tanış olmaq üçün buraya  üz tutur. Təbii ki, kartellər turistlərin hər küçədən keçməsinə icazə vermirlər.  Turistlər  yalnız bələdçi ilə, əvvəlcədən müəyyən edilmiş xətt üzrə hərəkət edirlər.

 

            Hazırda ən gözəl vəziyyət Rionun ən böyük favelasındadır: buranın sakinlərindən 80%-i işləyir. Onların hər hansı kartellə əlaqələri yoxdur. Xəstəxana və digər sosial xidmət mərkəzləri olmasa da, özləri üçün dini icmalar və kiçik toplantılar təşkil ediblər.

 

            Aparılan araşdırmalar göstərib ki, Braziliya əhalisinin kəndlərdə və kiçik qəsəbələrdə yaşayan qismi, təxminən, 26 milyon insan içməli su ehtiyacı çəkir. 14 milyon insan zibil problemi ilə üz-üzədir; onların yaşadığı yerlərə zibil maşınları gəlmir. 83 milyon insansa kanalizasiya sistemi haqqında heç eşitmək belə istəmir. Çünki eşitsə də, nə olduğunu bilmir.

 

            Və bütün bunlara rəğmən, braziliyalılar istiqanlıdırlar, əylənməyi hər şeydən çox sevirlər. Duyğularını gizlətmirlər. İlk dəfə tanış olduqları insanı qucaqlayıb öpmələri normaldır. Danışarkən müsahibinə əlləri, barmaqları ilə mütləq toxunurlar. Turistlərin əksəriyyəti yolda, təyyarədə, kafedə tanış olduğu braziliyalıların onları evlərinə dəvət etdiklərindən, yemək yedirtdiklərindən heyrətlə bəhs etməkdədir. Kofe Braziliya mədəniyyətinin ayrılmaz parçasıdır. Son 150 ildə dünyanın ən böyük kofe istehsalçısı da buradır. Dünyanın kofeyə olan tələbatının 40%-ni məhz Braziliya ödəyir.

 

            Braziliyada dəqiqlik problemi hər sahədədir. Bir avtobusun dayanacağa 1 saat gecikməsi normal hal kimi qarşılanır. İki insan vədələşirsə, əmin olun, ikisi də gecikir. Çünki hər biri digərinin dəqiq olmadığından əmindir. Bu qeyri-dəqiqlik hər sahədə var. Sənədləşmə işlərində də... Banklar bir yana, marketdə kassa növbəsində 80-ci adam olmağa səbirləri necə çatır, bilmirəm. Burda ailə bağları Avropaya və ABŞ-a nisbətən güclüdür.  Gənclərin təkbaşına yaşamaları geniş yayılmayıb. Ailə üzvlərinin tez-tez bir süfrə başına yığılmasını sevirlər.

 

            Braziliyalılar yaşam məqsədi kimi uğura deyil, xoşbəxtliyə köklənirlər. “Əsas xoşbəxtlikdir” –deyimini həyata tətbiq edirlər. Nə qədər kasıb və uğursuz olsalar da, xoşbəxt hiss etməkdən çəkinmirlər. Musiqi və rəqs karnavalları, bitmək bilməyən əyləncələri ilə braziliyalılar “xoşbəxtik” mesajı verirlər. Hər il fevral, yaxud mart ayında Rioda məhşur karnaval keçirilir. Dünyanın hər yerindən buraya insanlar axışır. Rio karnavalı 2004-cü ildə “dünyanın ən böyük karnavalı” kimi Ginnesin Rekordlar Kitabına düşüb. 2020-ci ildə karnavala 7 milyondan çox insan qatılmışdı.

            Futbolun ana vətəni olmasa da, Braziliya futbolu ilə də məhşurdur. 5 dünya kuboku qazanan yeganə ölkədir. Eyni zamanda, dünyaya ən çox futbolçu ixrac edən ölkələrdən biridir. Braziliya ekvator xəttinə yaxınlığı sayəsində, iqlimi ilə də sevilir. Amma istlik burda heç vaxt 400C-ni keçmir və ya 150C-dən aşağı düşmür. Dünyanın ən uzun plyajı Praia do Cassino da buradadır. Ölkənin ən önəmli simvolu 38 m hündürlüyündə və 635 ton ağırlığında olan İsa heykəlidir. 2007-ci ildən bəri bu heykəl “Dünyanın yeni yeddi möcüzəsi”ndən biri kimi qəbul edilir. Və nəhayət, Braziliyanın o məhşur bayrağı...

Əksər hissəsi yaşıl rəngə boyanıb. Bu rəng Braziliyada geniş yayılmış qəhvə ağacının rəmzi hesab edilir. Yaşıl rəngin fonundakı sarı romb brilyantı təsvir edir. O da, öz növbəsində, ölkənin zənginliyinin göstəricisidir. Brilyantın mərkəzində mavi rəngdə qlobus yerləşir. Qlobusun üzərində Braziliyadakı ştatların və bir də Braziliya Federal Dairəsinin sayına uyğun olaraq, 27 ulduz şəkli həkk olunub. Qlobusun mavi rəngi Rio-de-Janeyro şəhərinin üzərindəki səmanın rəmzidir. Qlobusun ekvatorunun üzərində ölkənin nizamına və inkişafına uyğun olan şüar yazılıb. Bayrağın hazırkı forması 1889-cu ildən mövcuddur. Rəsmi olaraq isə 1992-ci ilin may ayının 12-də təsdiqlənib.

Bahadur  Seyidov