“Ərdoğan hakimiyyətdən gedərsə, nə olar” sualına Rusiya mediasında cavab



 09:54 07.01.2023     556

Kommersant: “Əgər Türkiyə prezidenti seçkidə uduzsa, böyük bir regionda qurulmuş bütün qarşılıqlı fəaliyyət modeli yenidən ciddi şəkildə nəzərdən keçirilməlidir”

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı 2022-ci ilin ən uğurlu dünya siyasətçisi adlandırmaq olar”. Rusiyanın nüfuzlu “Kommersant” qəzetində dərc edilən “Əvəzedilməz Rəcəb” sərlövhəli məqaləsində belə deyilir. Nəşr qeyd edir ki, Ərdoğan Ukraynada hərbi əməliyyatının başlanmasından bəri münaqişə tərəfləri arasında demək olar ki, yeganə vasitəçi statusunu qoruyub saxlayıb. “Rusiya və Ukrayna nümayəndə heyətləri arasında ilk danışıqlar Belarusda aparıldı. Amma bir ay sonra Kiyev rus qoşunlarına ölkəyə hərbi müdaxilə üçün yardım edən Belarusun vasitəçi kimi uyğun olmadığını bəyan etdi. Alternativ tapmaq barədə düşünmək isə çox çəkmədi. Martın 10-da Antalyada keçirilən diplomatik forumda Rusiyanın xarici işlər naziri Sergey Lavrov hərbi əməliyyatlardan sonra ilk dəfə ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşdü. Martın 29-da isə nümayəndə heyətləri Dolmabaxça sarayında hərtərəfli danışıqlar apardı” deyə, məqalədə bildirilir. Nəşrə görə, münaqişənin uzanması Ərdoğanın beynəlxalq nüfuzunu gücləndirmək şansı verdi, baxmayaraq ki, o, sülhün mümkün qədər tez əldə edilməli olduğunu söyləməkdən yorulmur.

33333333333333.jpg (97 KB)

Bildirilir ki, Ərdoğan uzun müddətdir həm Rusiya, həm də Qərb üçün unikal tərəfdaşdır. Məsələn, bundan əvvəl o, NATO müttəfiqlərinin qəzəbinə baxmayaraq, Rusiyanın S-400 raket sistemlərini aldı və rusiyalı həmkarı Vladimir Putinlə birlikdə Suriyada təsir zonalarının yenidən bölüşdürülməsində müvəffəqiyyət əldə etdi. “Kommersant” Moskva ilə Ankara arasında ticarət dövriyyəsinin 198 fazi artması faktını da yada salır: “Türkiyə rəhbərliyi ticarətdən super mənfəətlə yanaşı, Rusiya Federasiyası ilə Qərb arasında münasibətlərdəki böhrandan bir sıra bonuslar da aldı. Bunlara qaz qovşağı layihəsi, İstanbulda bağlanmış taxıl sazişi və Finlandiya və İsveçin alyansa qoşulmaq üçün müraciətindən sonra NATO-ya yeni təzyiq rıçaqları daxildir”.

77777777j.jpg (73 KB)

Nəşr yazır: “Türkiyədə 2023-cü ildə planlaşdırılan prezident və parlament seçkiləri həm də taleyüklü xarici siyasət hadisəsinə çevirlib: əgər cənab Ərdoğan uduzsa, böyük bir regionda qurulmuş bütün qarşılıqlı fəaliyyət modeli yenidən ciddi şəkildə nəzərdən keçirilməlidir. Əminliklə deyə bilərik ki, seçkilərdə ölkə vətəndaşlarının seçimi təkcə Ukrayna böhranının sonrakı inkişafına deyil, Yaxın Şərqdəki vəziyyətə də ciddi təsir edəcək”.//Musavat.com