Rusiyada hərbi vəziyyət elan oluna bilər
“Rusiyada hərbi vəziyyət elan oluna bilər”.
Demedia.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Bildirilib ki, Rusiya uzunmüddətli müharibəyə hazırlaşır: “Qarşı tərəfin ölkə iqtisadiyyatını və hərbi-sənaye kompleksini yenidən təşkil etməsi bunu göstəricisidir”.
Məlumata görə, Rusiya Prezidenti Vladimir Putinin iqtisadiyyatın və hərbi sənaye kompleksinin yenidən təşkili ilə bağlı həyata keçirdiyi tədbirlər Moskvanın hərbi vəziyyətin tətbiqinə hazırlıqlarından xəbər verir: “Rusiya savaşı davam etdirmək üçün bütün resursları istifadə etməyə çalışır. Ukraynadakı qoşunlara yeni komandanın təyin olunması da Kremlin uzunmüddətli və genişmiqyaslı işğala hazırlaşdığını göstərir”.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə ötən il fevralın 24-də başlayıb.
Yanvarın 11-də Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov Ukraynada Birləşmiş Qüvvələr Qrupunun komandanı təyin edilib.