Putin bu gün səfərbərlik elan edə bilər



 09:54 18.01.2023     447

“Rusiya Prezidenti Vladimir Putin ordusunu gücləndirmək məqsədilə yaxın günlərdə ikinci səfərbərlik dalğasını elan edə bilər. Bəlkə də Kreml rəhbəri səfərbərliyi bugünkü çıxışında elan edəcək”.

Demedia.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Qeyd olunub ki, V.Putin bu gün Sankt-Peterburqda doğulduğu Leninqrad şəhərinin 1943-cü ildə alman faşistlərinin mühasirəsini yarmasının 80 illiyi ilə bağlı çıxış edəcək: “Putin xalqına müraciət etmək üçün simvolik tarixlərdən istifadə etməyi sevir. Odur ki, onun bu gün səfərbərlik elan edəcəyi gözləniləndir. Ukrayna və Qərb kəşfiyyatı dəfələrlə bildiriblər ki, Kreml yanvarın ortalarında səfərbərliyin növbəti dalğasını elan edə bilər”.

Məlumata görə, Rusiya qoşunları dünən, yanvarın 17-də Avdiivka-Donetsk istiqamətində hücum əməliyyatlarını davam etdiriblər: “Soledarda da döyüşlər davam edir. Həmçinin Donetsk və Zaporojyedə də hücumlar səngimir”.