Xəyanətdə ittiham edilən erməni kapitan belə saxlanıldı - VİDEO
Ermənistanın Milli Təhlükəsizlik Xidməti Silahlı Qüvvələrin kapitanını həbs edib.
Demedia.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Xidmətindən bildirilib. Kapitan məxfi məlumatları xarici kəşfiyyata ötürməkdə şübhəli bilinir.
Həbs edilən hərbçinin adı açıqlanmayıb. Məlumata görə, o, 2021-ci ilin əvvəlindən etibarən xarici kəşfiyyata casusluq etməkdə ittiham olunur. Həmin müddətdən xarici xüsusi xidmət orqanlarının diqqət mərkəzində olub və onlar tərəfindən hərbi xidmətə cəlb edilib. Hərbi hissə xidmətlərindən birinin rəisi vəzifəsinə təyin olunduqdan sonra o, xarici xüsusi xidmət orqanları ilə əməkdaşlığı davam etdirmək tapşırığı alıb.
Erməni zabit 2021-ci ilin aprel-may ayları ərzində mühafizə altında olan döyüş mövqeyinin silah-sursatı, miqdarı, yeri barədə məlumatları toplayaraq fotoşəkillər və sayları ilə birlikdə istifadə etdiyi müxtəlif mobil proqramlar vasitəsilə xarici xüsusi xidmət orqanının nümayəndəsinə ötürüb.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin İstintaq Şöbəsində başlanmış cinayət işi çərçivəsində axtarışlar aparılıb, sözügedən zabitə ittiham elan edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə istintaq davam edir.