Ərdoğan: "İsveçin üzr istəməyi ilə iş bitmir, bunu əməldə görməliyik"
"İsveçin üzr istəməyi ilə iş bitmir, bunu əməldə görməliyik".
Demedia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT telekanalına müsahibəsində bildirib.
"İsveçlə danışıqları əvvəlcə terrorizmlə mübarizədə əməkdaşlıq üçün fürsət kimi gördük. Bizə 120 terrorçu verin dedik, amma İsveç dedi ki, bu mövzuda konstitusiya dəyişikliyi edəcək. Hətta baş nazir (İsveçin - red) buraya gəldi. Çox gözəl söhbətlər oldu. Bununla belə, anlaşma memorandumu çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədi", - Ərdoğan deyib.
Türkiyə lideri NATO-ya üzvlük üçün öhdəliklər yerinə yetirilməsinin vacibliyini qeyd edib:
"İsveçin Qurana qarşı edilən hücuma susması və laqeyd yanaşması, hətta təhlükəsizlik qüvvələrinin onları himayə altına alması necə izah oluna bilər? Biz bunu ən sərt şəkildə qınadıq. Bu, nifrət cinayətidir. Müsəlmanlara qarşı bu cinayətləri törətmək yolverilməzdir. Biz bütün dinlərə hörmətlə yanaşılmasını gözləyirik. Bu baxımdan da İsveçin NATO üzvlüyünün tərəfdarı deyilik".
Finlandiyanın NATO-ya üzvlüyünə gəldikdə isə, Ərdoğan danışıqların davam etdiriləcəyini vurğulayıb:
"Finlandiyaya fərqli baxırıq. Əgər onlar prosesi idarə etsə, biz də öz üzərimizə düşəni edəcəyik".