Türkiyənin müdafiə naziri: Bu öhdəliklər yerinə yetirilməyənə qədər...



 09:07 03.02.2023     451

“İsveç ötən ilin iyununda Madriddə Finlandiya ilə imzalanmış NATO-ya qəbul haqqında memorandumda nəzərdə tutulan terrorçuları Ankaraya təhvil vermək öhdəliyini hələ də yerinə yetirməyib”.

Demedia.az xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib.

Onun sözlərinə görə, bu öhdəliklər yerinə yetirilməyənə qədər Türkiyə tərəfi Stokholmun Şimali Atlantika Müqaviləsi Təşkilatına qoşulmaq üçün müraciətini təsdiqləməyəcək.

“Türkiyə ilkin olaraq NATO-da açıq qapı siyasətini dəstəkləyir. Terrorla mübarizə çərçivəsində terrorçuların Türkiyəyə ekstradisiyası bu Madrid memorandumunun imzalanmasının təbii nəticəsidir və bunu hər kəs görməlidir. Biz bunu gözləyirik.

Nə qədər ki, terrorçular dəstəklənir, onlar öhdəliklərini yerinə yetirmir və müdafiə sənayesi məhsullarının ixracı məsələsində məhdudiyyətlər var, Türkiyənin İsveçin NATO-ya müraciətinə bəli cavabı verə bilməsi mümkün deyil. Təəssüf ki, bu günə qədər xüsusilə İsveç bu istiqamətdə kifayət qədər addımlar atmayıb”.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara İsveçin NATO-ya üzvlük təklifini təsdiq etməyəcək. Eyni zamanda o, Finlandiyanın alyansa qəbulu məsələsinin müsbət həll oluna biləcəyini açıq şəkildə ifadə edib.