Norveçdə “Vaqner”in sabiq komandiri dindirilir
Norveçdə bu ölkədən siyasi sığınacaq istəyən “Vaqner” özəl hərbi şirkətinin qollarından birinin keçmiş komandiri Andrey Medvedev dindirilir.
Demedia.az “NRK” teleradio şirkətinə istinadən xəbər verir ki, bu barədə Milli Cinayət Təhqiqatları Xidməti bildirib.
İdarə rusiyalını dindirməyə davam etmək istədiyini açıqlayıb. O, şahid statusunda olduğu üçün polisə izahat verməyə borclu deyil. Lakin Medvedev özü əlavə ifadə vermək istədiyini bildirib.
Bundan əlavə, idarə qeyd edib ki, Medvedevin yanında rəqəmsal materiallar olub və o onları hüquq-mühafizə orqanlarına təhvil verib. Amma bununla bağlı daha ətraflı məlumat verilməyib.
“NRK”nın məlumatına görə, cümə günü Medvedev “dostu” adlandırdığı rusiyalı hüquq müdafiəçisi Vladimir Oseçkinlə görüşməli idi. Oseçkin korrupsiyaya qarşı mübarizə aparan “Gulagu.net” saytını idarə edir və 2015-ci ildən Fransada yaşayır. Fransa rəhbərliyi onu gecə-gündüz mühafizə ilə təmin edir.
Xatırladaq ki, ötən ay “Gulagu.net” insan haqları portalı “Vaqner” komandirinin Norveçə qaçdığına dair məlumat yaymışdı.
Qeyd edək ki, “Vaqner” ÖHŞ rusiyalı sahibkar (eyni zamanda mətbuatda “Putinin aşpazı” kimi tanınır) Yevgeni Priqojın tərəfindən yaradılan və idarə olunan qeyri-dövlət yaraqlı qruplaşmasıdır.
2014-cü ildən qruplaşma Ukraynanın işğal altındakı bölgələrində, daha sonra isə Suriyada Bəşşar Əsədə sadiq qüvvələrin nəzarət etdiyi ərazilərdə fəaliyyət göstərir. 2017-ci ilin iyun ayında “Vaqner” ÖHŞ ABŞ-ın sanksiya siyahısına daxil edilib. 2021-ci ilin dekabrında Avropa İttifaqı qruplaşmanı Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə xələl gətirməkdə, Suriya və Liviyada sabitliyi, habelə insan haqlarını kobud şəkildə pozmaqda ittiham edərək ÖHŞ-yə sanksiyalar tətbiq edib. 2022-ci ilin martın 8-də, yəni Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra Yaponiya da qruplaşmaya qarşı sanksiyalar tətbiq edib. BMT və Fransa “Vaqner” muzdlularını Mərkəzi Afrika Respublikasında zorlama və quldurluqda ittiham edir.
Qrup ağır texnika, artilleriya və hərbi aviasiya ilə silahlanıb.