"Gözümün önündə on bina uçdu" - Türkiyəli aktyor
Ötən gün Kahramanmaraşın Pazarcık rayonunda səhər saatlarında baş verən 7,7 bal gücündə zəlzələdən sonra günorta saat 13:24 radələrində də 7,6 bal gücündə zəlzələ qeydə alınıb.
Demedia.az xəbər verir ki, ikinci zəlzələ zamanı Malatyada olan teatr aktyoru Hacı Ali Konuk "CNN Türk"ün canlı yayımına qoşularaq yaşadıqlarından danışıb.
Aktyor ikinci zəlzələdə ona yaxın olan binanın uçduğunu və içəridə vətəndaşların olduğunu bildirib.
"Çox üzr istəyirəm. Düşünmürəm ki, bu afterşok idi. Çox güclü sarsıntı keçirdik. Birdən gözümün qabağında on bina uçdu. Biz həqiqətən depressiyadayıq".
Göz yaşlarına hakim ola bilməyən aktyor, "Otelin lobbisində idik, titrəməyə başladıq. Özümüzü çölə atdıq, amma hara gedirsən? Hər yer toz idi. Malatyada hər şey məhv olub, buna inana bilmirəm”, - deyə hisslərini bölüşüb.